“Qapı qarşısına ötürməni qola çevirə bilsəydim, bəlkə də yekun nəticə fərqli olacaqdı.
Əlbəttə, bu cür məğlubiyyət üzücüdür”.
Bu sözləri Sportinfo.az saytına açıqlamasında “Neftçi”ylə oyun haqda danışan “Turan Tovuz”lu Belajdi Pusi deyib.
Qərb təmsilçisi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlsə də, “Bakcell Arena”dakı cavab matçında 0:2 hesabı ilə uduzdu.
Tovuzlular üçün ağrı verən məqam Ayxan Abbasovun yetirmələrinin hər iki qolu hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə buraxmasıydı.
Albaniyalı hücumçu finala yüksələ bilməmələrində “Neftçi”nin gücünü qabardıb:
“Bu cür rəqibə qarşı oynamaq heç də asan deyil. Əsas diqqəti müdafiəyə ayırmaqla ilk oyundakı hesabı qorumağa çalışsaq da, sona qədər dözə bilmədik.
Komandada hər kəs əlindən gələni etdi. Sadəcə, “Neftçi”nin gücü və təcrübəsi özünü göstərdi.
Açıq danışmalı olsaq, yorğunluq da müəyyən mənada rol oynadı. 90 dəqiqə dayanmadan qaçdıq, mübarizə apardıq.
Cərimə zərbəsindən qol vurmasaydılar, sonluq fərqli ola bilərdi. Çünki oyun epizodundan fərqlənə bilmirdilər və bu, onlarda çaşqınlıq, tələskənlik yaradırdı.
Əsas odur ki, “Neftçi”dən qorxub-çəkinmədik. Son saniyələrə qədər qarşısında duruş gətirdik. Baş məşqçimiz də finala yükəlmədiyimizə görə üzülməməyi, diqqətimizi çempionata ayırmağı tapşırdı”.
Azərbaycan kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da keçiriləcək. Həmin gün “Neftçi” ilə “Qəbələ” üz-üzə gələcək.
HƏBİB

