Azərbaycanın istedadlı futbolçularından biri yaşıl meydanlara qayıdır.
Klubsuz qaldığı üçün futboldan uzaq düşən Budaq Nəsirov karyerasını bərpa etmək qərarına gəlib.
20 yaşında, 2016-cı ildə Portuqaliya “Sportinq”i ilə müqavilə bağlamaqla gündəmə gələn yarımmüdafiəçi 2018/19 mövsümünü “Zirə”də keçirəndən sonra işsiz qalmışdı.
Həmin vaxtdan bu yana gah Portuqaliyada ofisiantlıq etdiyi deyildi, gah da Türkiyədə alverlə məşğul olduğuna dair xəbərlər dolaşdı.
Budaq hazırda Tovuzdadır. Ayxan Abbasova yaxınlaşaraq karyerasını bərpa etmək istəyində olduğunu bildirib, fiziki durumunu yaxşılaşdırmaq üçün vaxt istəyib.
Nəsirov baş məşqçinin tapşırığına əsasən hazırda “Turan-2”nin məşqlərində iştirak edir. Bu, yaya qədər davam edəcək.
Mövsümlərarası fasilədə əsas komandanın hazırlığına qoşulacaq ki, Ayxan Abbasov hansı durumda olduğuna əyani baxacaq. Hazırlıq səviyyəsi baş məşqçini qane etsə, Budaq növbəti mövsüm “Turan Tovuz”un uğurları üçün tər tökəcək.
2011-ci ildə 15 yaşı tamam olmamış Premyer Liqada “Turan Tovuz”un heyətində meydana çıxan Budaq Nəsirov sonradan “Araz Naxçıvan”, “Sumqayıt” və “Kəpəz”in uğurları üçün tər töküb.
2016-2018-ci illər aralığında “Sportinq”in əvəzedici komandasında oynadığı müddətdə Türkiyə millisinin üzvü, hazırda “Atalanta”nın şərəfini qoruyan Merih Demiral ilə komanda yoldaşı olub.
Portuqaliya klubunun həmin vaxt ona 60 milyon avro transfer qiyməti qoymasını da xatırladaq.
HƏBİB / SPORTİNFO.AZ

