"Turan" ciddi problemlə üz-üzə - Abasov nə düşünür?

1 May 2023 19:00 Turan 1 055
"Turan" ciddi problemlə üz-üzə - Abasov nə düşünür?

"Turan Tovuz" Premyer Liqanın 32-ci turunda "Zirə"nin qonağı olacaq.

Ölkə kubokunda şanssız şəkildə finala vəsiqəni əldən verən tovuzlular bundan sonra bütün fikirlərini Premyer Liqaya yönəldəcək.

Qərb təmsilçisi uzun müddətdir möhkəmləndiyi 6-cı pilləni itirə bilər. Ən yaxın izləyici "Kəpəz"in də aktivində eyni xal var.

Bundan başqa sonuncu pillədə gedən "Səbail"lə arada cəmi 7 xal fərq var. Deməli, Premyer Liqada qalmaq vəzifəsi tam həllini tapmayıb.

Belə məqamda baş məşqçi Ayxan Abbasovu düşündürən başqa problemdir.

Təcrübəli mütəxəssis qapı mövqeyi ilə bağlı çətin durumla üz-üzədir.

Mövsümü Tərlan Əhmədli və Kamal Bayramov ikilisi ilə keçirən bölgə klubu indi hər iki qolkiperin də xidmətindən məhrumdur.

Əhmədli "Sabah"la oyunda zədələnərək mövsümü başa vurdusa, Bayramov "Kəpəz"lə oyunda qalmaqal iştirakçısı olduğu üçün AFFA İntizam Komitəsi tərəfindən biri şərti olmaqla 3 oyunluq cəza alıb.

37 yaşlı qapıçı "Sabah"la oyunda cəzasının birini çəkib, digəri də "Zirə" ilə oyuna təsadüf edəcək.

Belədə komanda qalır yalnız Mehman Hacıyevin ümidinə. 28 yaşlı qapıçı bu mövsüm cəmi bir oyunda 50 dəqiqə meydanda olub. O da ötən tur zədələnən Tərlanın yerinə.

İkinci qapıçı isə gənc Elxan Qasımov olacaq. "Turan-2"də çıxış edən 21 yaşlı çərçivə qoruyucusu bu məqsədlə əsas komandaya cəlb olunub.

"Zirə" - "Turan Tovuz" oyunu 1 mart, saat 20:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti