"İngiltərə millisinin sabiq üzvü Azərbaycan klubunda" - Nathan Oduvanın ölkəmizə gəlişi mətbuatda belə təqdim olunmuşdu.
Hər kəsi haqqlı olaraq maraq burumuşdu - Kimdir bu?
Söhbət ötən ilin ilk aylarına təsadüf edir. Nigeriya əslli futbolçunu "Keşlə" (İndiki "Şamax") heyətinə qatmışdı. İnsafən, ilk matçlarındaca istedadlı olması açıq-aşkar sezilirdi. Bəs faydası? İşin ən önəmli tərəfi o idi ki, faydalı iş əmsalı yox kimiydi.
Bakılıların heyətində 11 oyun keçirən forvard nə bir qol vura bilmişdi, nə də bir qol ötürməsi ilə yadda qalmışdı.
Artıq çəkisi, ləngliyi olub-qalan texnikasını da kölgədə qoyurdu. Əbəs deyil ki, "bitmiş futbolçu" təsiri bağışlayan əcnəbi futbolçuya mövsümün sonu maraq göstərən yox idi.
"Turan Tovuz" xaric. Ondakı istedadı açacağına ümid edən Ayxan Abbasov onun Tovuza gəlişinə "Yaşıl işıq" yandırdı.
27 yaşlı oyunçunun yaşadığı Londonu Tovuza dəyişməsi, ancaq məcburiyyətdən irəli gələ bilərdi ki, gəldi də.
Qısa müddətdə artıq çəki problemin arxada qoyan ingiltərəli komandasının önəmli fiqurlarına çevrilməyi bacardı.
Bunda yerli publikanın ona olan böyük qayğısının da rolu az olmadı.
Paytaxt klubunda heç nə ilə yadda qalmayan Oduva bölgədə qollar da vurdu, qol ötürmələri də etdi. İlk 20 oyunda 4 qol, 4 asistlə yadda qalan ön xətt oyunçusu son 8 matçda yalnız 1 qol vurmaqla kölgəyə çəkilmiş oldu.
Fanatların narazılığı sosial şəbəkələrdə qabarıq hiss olunur. Təbii ki, onun oyunundakı uçurum komanda yoldaşlarının da ürəyincə deyil. Nathan təkcə qol+asistlə önə çıxmırdı.
Rəqib müdafiəsini fərdi keyfiyyətləri hesabına daim gərginlikdə saxlamaqla yoldaşlarına boşluqlar yaratmış olurdu. İndiki Oduva həftələr əvvəlkinin kölgəsi belə deyil.
Həm klub, həmin məşqçi, həmin azarkeşlərdi. Bəs nə dəyişdi? Enişin başlıca səbəbi gələn təkliflərlə əlaqələndirilir.
Axı qışa kimi göstərdiyi oyuna görə ona "elçi düşən" Premyer Liqa təmsilçilərinin sayı bir yox, bir neçədir. Ayrılıq an məsələsidir.
Buna bir sözümüz yoxdur. Futbolçu həyatı belədir - harda yaxşı şərtlər təklif olunursa ora gedirsən. Bu gün Oduvanın da "Turan"ı daha iddialı və yaxşı şərtlər irəli sürən kluba dəyişməsi normaldır.
Bəs anormallıq olan nədir?
Onun son oyunlardakı performası. Axı bu işlərin bir də mənəvi tərəfləri var. Nathan gərək unutmasın ki, ötən il bu vaxtlar heç kim idi. Adı ətrafında "İngiltərə millisinin sabiq üzvü" təqdimatından başqa ortada nəsə yox idi. Ötən yay klubsuz qalmışdı.
Amma indi heç İngiltərə millisinin sabiq üzvü söhbəti yada düşmür. Hər kəs onu "Turan"lı Oduva kimi xatırlayır. Qərb təmsilçisindəki performansı xoş sözlərlə danışılır.
Təbii ki, bunda baş məşqçi Ayxan Abbasov və yerli tərəfdarların böyük əməyi var. Gərək təkliflərdən başı gicəllənən bu oğlan da gedə-getdə həmin insanların haqqını artıqlaması ilə verərdi.
O isə sanki mövsümün sonunu tikan üstündə oturan adam kimi gözləyir.
XANOĞLAN İMANOV

