COP29

Təşəkkür əvəzinə istefa?

6 May 15:00 Turan 2 652
Təşəkkür əvəzinə istefa?

Mövsüm sürprizlərlə doludur.

Ölkə kubokunun son sahibi «Qəbələ»nin Premyer Liqadan düşməsi, «Turan Tovuz»un bu həftələrədək avroboklara vəsiqə şansını saxlaması kimi.

Ayxan Abbasov 2015-ci ildən Premyer Liqadadır. Üç dəfə avokubok meydanlarına komanda çıxarıb.

«Zirə» və «Sumqayıt»a o həyacanı, o sevinci yaşadıb, mərhələ adlayıb.

Bunu «Turan»da da edəcək. Amma bu gün yox.

Ağıllı rəhbər hazırkı şəraitdə, klubun birini tapıb, birini tapmadığı bir dönəmdə, əyər-əskiklərin hələ tamamilə aradan qalxmadığı bir sezonda baş məşqçisindən belə qeyri-real şey tələb eləməz.

Biz Abbasovu pis tanımırıq: görsə ki yapışdığı işin qulpunu yuxarı qaldıra bilməyəcək, başdakıların əlini sıxacaq və gedəcək. Özü də bunu dünən dilə gətirdi.

Amma onu bu həddə çatdırmaq… Olmaz! Ayxan Abbasovla Ehtiram Quliyev Tovuz futboluna ciddiyət gətirib.

Əlbəttə, yerli fanatların «Turan»ı yüksək yerlər uğrunda mübarizə aparan görmək istəməsi təbiidir. Hansı rayonun futbolsevəri bunu istəməz ki? Amma və lakin - əvvəl büdcənə bax, sonra ayağını yorğanına görə uzat.

«Turan» yeni sponsorundan gələn pulun çox hissəsini bazalaşmaya sərf edib. «Turan»ın bütün futbolçularına verdiyi illik maaş «Sabah»ın İshak Belfodilə ödədiyi məbləğə təndir

İndi deyirsiz, «Sabah» kənarda qalsın, «Turan» Avropaya getsin? Futbolun ədaləti bəs? Onu neyləsinlər? Olmadı ki…

«Turan» öz meydanında «Zirə»yə uduzmalı deyildi. Qol epizodlarını mirvari kimi sapa düzdülər

. Top dedi, dayan bir, mən qonaqların qapısından ikinci dəfə keçməyəcəm. O azarkeş bunu görmədimi?

Komanda pis oynasa və mübarizə aparmasa, biz baş məşqçiyə yönəlik etirazları başa düşərik. Bunların hamısı dünən oyunun içində oldu. Bir bərabərlik qolundan savayı.

Tovuzun futbol ictimaiyyəti Ayxan Abbasovun arxasında dayanmalıdır. Bu cür məşqçi, çətin ki, bir də əllərinə düşər.

Bazasının işıqları gündə 5 dəfə sönən rayonda qalıb işləyirsə, ona təşəkkür edilməlidir, tribunadan eşidəcəyi söz «istefa» olmamalıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq