COP29

Azərbaycanda tanınmış məşqçini kimlər və niyə “qaralayır”? – Məlumatlı şəxsdən MARAQLI AÇIQLAMA

7 May 15:00 Turan 1 571
Azərbaycanda tanınmış məşqçini kimlər və niyə “qaralayır”? – Məlumatlı şəxsdən MARAQLI AÇIQLAMA

“Futbolun içində olanlar yaxşı bilir ki, rayonlarda «istefa!» şüarı eşidilirsə, bu stadionda olan 1-2 adamın işi deyil.

Ardınca mətbuatda Ayxan Abbasovun hədəfə gətirilməsi sanki stadionda olanlarının ikinci hissəsidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Erkin İbrahimov deyib.

Tanınmış futbol agenti son günlər “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasova yönəlik qaralama kampaniyasına sərt münasibət bildirib.

Müsahib söyləyib ki, təcrübəli mütəxəssinin əleyhinə çıxanlar bir mərkəzdən idarə olunur və onların niyyəti çirklidir:

“Mənə maraqlıdır, Ayxan Abbasovu istəməyən bir qrup azarkeş mövsümdən öncə komandanı neçənci sırada görürdülər?

«Turan-Tovuz» büdcəsinə uyğun mövqedə yer alıb. Hətta «Araz-Naxçıvan»ın futbolçu büdcəsi tovuzlulardan çoxdur - illik 150-200 min dollar maaş alanlar var.

Onu da nəzərə alaq ki, «Turan» həftənin 3 günü Bakıda, 3 günü Tovuzda, bir günü da yollardadır. Bu baxımdan, Abşeron yarımadasında yerləşən klublar daha üstün durumdadır”.

E.İbrahimov xatırladıb ki, «Turan-Tovuz»la komanda Premyer Liqaya qayıtdıqdan sonra əməkdaşlıq etməyə başlayıb:

“Ötən mövsüm klubda durum elə acınacaqlı idi ki, gətirdiyim legioner futbolçulara görə menecerhaqqı almaqdan imtina etmişdim.

Ayxan Abbasov nəinki komandanı, klubu qurmağa məcbur oldu. Tovuzda uzun illər böyük futbol olmadığından, lazımı qədər klubda çalışa biləcək kadrlar yox idi.

Heç iki il keçməmiş kimlərsə bu klubdan avrokuboklara vəsiqə tələb edir. Bir baxın, komandanın əvəzedici heyəti hər oyunda 3-4 qol buraxır.

Tovuz əsl futbol regionudur, ancaq uzun müddət idi ki, Premyer Liqada təmsil olunmurdu. Futbolçu bazası baxımından boşluq var və bunu doldurmaq üçün vaxt lazımdır.

Ambisiyalar öz yerində, ancaq gərək bu, reallığa söykənsin. Nə yaxşı ki, «Hünər Group» kimi şirkət «Turan-Tovuz»a sahib çıxdı.

Ehtiram Quliyev gördüyümüz bütün futbol idarəçilərdən fərqlənir. Çünki maaş alıb yuxarıdan gələn büdcəni idarə etmir, cibinin pulunu xərcləyir.

Çıxışlarını izləyirəm, hiss olunur ki bu adamın yanaşması tam başqadır. Məsələn, deyir ki, biz də futbolçulara 200-300 min maaş verərək, ani nəticə əldə etməyi hədəfləyə bilərik.

Ancaq əvəzində daha faydalı işlərlə məşğuldurlar. Stadiona “əl gəzdirildi”. Yeni baza inşa olunur, uşaq futboluna investisiya qoyulur.

Yəni, artıq bəlli strategiya var və klub ona uyğun hərəkət edir. Ötən yay da bəyan olundu ki, klub bu mövsüm avrokuboklar zonasına düşməyi hədəfləmir.

Məqsəd pillə-pillə həm klub, həm də komanda quruculuğudur. İndiki anda destruktiv gedişatlara çağırış Tovuz futboluna nə verə bilər axı?!

Gəncədə olduğu kimi, «klubda yerli məşqçi çalışmalıdır» şüarı, arxasınca “getsin” yoxsa?

Yenə deyirəm, bir klubun yüksək liqada uzun illər çıxış etməməsi boşluğa gətirib. İstər futbolçu, istər məşqçi, istər personal baxımından.

Səbrli olub, gələn mövsümü gözləmək lazımdır.

Ayxan Abbasovu tanıdığımdan, bilirəm ki, komandanın işləri istədiyi kimi getməsə, heç kimi gözləmədən özü çıxıb gedər. Necə ki, son mətbuat konfransında özü bunu dedi.

Hara baxırsan, Ayxan Abbasovdan yazırlar. Ötən mövsüm komanda az qol vururdu, deyirdilər, baxımsız futbol oynayır.

Bu il “Qarabağ”dan sonra ən sərrast komandadır, deyirlər, çox qol buraxır. Bir baxmaq lazımdır, komanda necə oynayır, nə cür qollar buraxır.

Ötən il “Zirə” qapıçı səhvlərinə görə azı 12 xal itiribsə, bu mövsüm eyni aqibəti “Turan-Tovuz” yaşayır.

Deyə bilərsiz ki, bu da məşqçinin komplektləşdirmə səhvidir. Bəli, ola bilər. Səhvsiz məşqçi yoxdur.

Abbasov hər zaman çalışır ki, yerli futbolçulara dəstək olsun. Elvin Cəfərquliyevı tanıyan var idi? Abbasov inandı, ”Sumqayıt”da şans verdi.

Ancaq hər futbolçu şansdan, praktikadan yararlana bilmir”.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...