“Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəmirik”

4 Aprel 2020 00:28 Sumqayıt 647
“Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəmirik”

COVID-19 pandemiyası dünya futbolunu da iflic vəziyyətə salıb. UEFA-nın son videotoplantısında qurumun prezidenti Aleksander Çeferin növbəti avrokubok mövsümündə iştirakçıları müəyyənləşdirməyi yerli federasiyaların öhdəsinə buraxıb.

Sportinfo.az xəbər verir ki, bunun üçün müxtəlif variantlar təklif olunur.

Məsələn, bəzi ölkələrdə (Belçika, Avstraliya) başbilənlər qərara alıblar ki, məcburi istirahət ərəfəsində komandalar turnir cədvəlində hansı pillədə qərarlaşıblarsa, mövsümü də elə həmin nəticələrə uyğun yekunlaşdırsınlar.

Azərbaycan da bu yolla getsə, hazırda 4-cü pillədə qərarlaşan “Sumqayıt” tarixində ilk dəfə avrokuboklara qatılmaq şansı qazana bilər.

20 turdan sonra hesabında 23 xal olan “kimyaçılar”la “Zirə” 4-5-ci pillələri bölüşürlər. Ancaq şəxsi görüşlərdə “qartallar” üzərində üstünlük quran “Sumqayıt” qitəmiqyaslı turnirlərə qatılmaq şansı verən 4-cü yerdədi.

“Gənclik şəhəri”nin təmsilçisinin prezidenti Riad Rəfiyevlə görüşdə bu məsələyə toxunub, onun da fikrini öyrəndik (Futbol+): “Açığı, bu dəqiqə avrokuboklar haqda düşünmürük. Ondan da vacib olan məsələlər var. Hamı kimi bizi də ölkəmizin koronavirus pandemiyasına qarşı apardığı mübarizə qayğılandırır.

Əsas belə çətin sınaqdan üzüağ çıxmaqdı. Virusa qalib gəldikdən sonra artıq futbol, avrokubok haqda düşünmək olar. Məncə, hər şey yaşıl meydanlarda həll olunmalıdı.

Çempionatın sonunda layiq olan komanda da növbəti mövsümdə ölkəmizi qiyəmiqyaslı turnirlərdə təmsil etməlidi. Belə deyək, kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəmirik”.

Pandemiya səbəbindən Avropanın əksər klubları ciddi maliyyə itkisinə məruz qalıblar. Xərclərin müəyyən hissəsini kompensasiya etmək üçün aparıcı klubların rəhbərləri futbolçuların maaşlarının azaldılması təklifi ilə çıxış ediblər ki, bəziləri bu yöndə ortaq məxrəcə gəlib, bir qismində isə müzakirələr davam edir.

Görəsən, “Sumqayıt”ın prezidenti bununla bağlı nə düşünür, o da komanda üzvlərinin əməkhaqqına yenidən baxmağın tərəfdarıdı, yoxsa buna ehtiyac duymur? Riad bəy məsələyə belə reaksiya verdi: “Hazırda oyunçuların maaşının azaldılması müzakirə mövzusu deyil.

İnanmıram ki, premyer-liqa klubları, ümumiyyətlə, belə addım atsınlar. Fikrimcə, hamı mövsümü əvvəlcədən nəzərdə tutulan müqavilələrlə başa vuracaq. Yeni “futbol ili” barədə indidən danışmaq, nəsə fikir bildirmək üçün isə tezdi”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu