«Sumqayıt»ın müdafiəçisi İsa Suliman əməliyyat olunub.
Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
Onun bildirdiyinə görə, pakistanlı legioner 2 həftədən sonra Azərbaycana dönəcək:
«Suliman Türkiyə toplanışında zədələnib. «Adana Demirspor»la 2:2 bitən yoxlama oyununda sol ayağının çarpaz bağları qopub.
Ona heç kim xəsarət yetirməyib. Topla hərəkət edərkən, anidən ayağı yana qatlanıb.
Əvvəllər Portuqaliyada oynadığı üçün orada tanış həkimi var. Əməliyyat üçün riskə getmədi, oranı seçdi.
İki həftə sonra burada olacaq. Reablitasiya dövrünü Azərbaycanda keçirəcək.
Minimum 6 ay yaşıl sahələrdən uzaq qalacaq. Gələn ilin ilk aylarından məşqlərə başlaması gözlənilir.
Bərpa prosesi səkkiz ayadək uzana bilər. Bu, onun son 1 ildə ikinci əməliyyatıdır.
Keçən il də sağ dizindən «menski» olmuşdu. Onda da 3-4 ay oynaya bilmədi».