
Saşa İliçin ölkəmizdə keçirdiyi ilk həftələr bəlkə özünün də gözlədiyindən uğurlu alındı.
İyulda «Sumqayıt»la birillik müqavilə imzalayan serbiyalı Premyer Liqanın iki tura 6 xal toplamağın məmnunluğunu yaşayır.
«Kəpəz»i Sumqayıtda 3:0 udmaqları hardasa təəccüblü qarşılanmadısa, «Qarabağ» üzərində səfərdə qazanılan təkqolluq 3 xallın həzzi bir başqadır.
İliç bunu dominant futbol oynatmaqla əldə etməyib. «Qarabağ»la üz-üzə gəlirsənsə, sən «iki nömrə» kimi mübarizə aparmağa məhkumsan.
İndi onun sərəncamında maraqlı personajlar çoxdur və məncə, bu, özündən əvvəl burada çalışmış həmkarlarına nisbətdə İliçə mühüm üstünlük qazandırır.
Riad Rəfiyev, doğrudan da, seçimlərdə serb baş məşqçiyə böyük köməklik göstərib. Rüstəm-Ramalinqom-Ronaldo-Yankoviç «Sumqayıt»dan ötrü əla «dörlük»dür.
«Qarabağ»la qarşılaşmadan sonra komanda yoldaşlarından kimsə Mehdi Cənnətovun əlcəklərindən öpdümü? Nədənsə mənə maraqlı gəldi.
Çünki Cənnətov əla oyun keçirdi, «Qarabağ»ın bir neçə epizodda hesabı açmasını önlədi. O, millimizin qapıçısıdır və forma yığması vacibdir.
ELXAN