
"Sumqayıt" Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblə matçda uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də olsun, oyununuz da. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. Onların Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki, onlar Liqa mərhələsinə düşəcək və bununla mən də fəxr edəcəm.
- Mövsümöncəsi mətbuat konfransında bildirmişdiz ki, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır, amma bu, futbolçulardan asılı olacaq. Sizi avrokuboklara daşıya biləcək futbolçular yığa bilmisiz?
- Bəli, futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə bir neçə oyunçu da lazımdır. Konkret 3 oyunçunu mən görürəm. Amma olanlardan da razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.
- "Qarabağ"ın təzyiqinin artdığı vaxtda Nikola Ninkoviçi meydana buraxdınız. Səbəb nə idi?
- Ninkoviç dünya səviyyəli oyunçudur. Sadəcə fiziki problemi var. Amma vaxta ehtiyacı var. 90 dəqiqə fiziki cəhətdən çatdıra bilməsə də, top saxlamaq kimi qabiliyyəti var.
- "Qarabağ" əsas heyətlə oynasaydı, nəticə fərqli olardı?
- Problem olardı. Əsas oyunçular meydana çıxanda, problemlər yaşadıq. Xüsusilə də Yankoviçi qeyd edərdim. Onunla birlikdə də oynamışıq. Əvvəlcədən oynasaydı, böyük problem yarada bilərdi.
- Üç oyunçuya ehtiyac olduğunu bildirdiz. Hansı mövqelərə transfer lazımdı?
- Əslində, heyətimizdə oyunçular var ki, oynamalıdır. Məsələn, Süleyman. Sadəcə bilmirik vəziyyətini. Gedişata baxacağıq.
- Ötən mövsüm 11 oyun qol vurmayan "Sumqayıt" var idi. Amma indi iki oyundur ki, qalib gəlirsiz. Bu komandanın əsas özəlliyi müdafiə xəttidir?
- İndiki gördüyünüz "Sumqayıt" maksimal səviyyədə deyil. Çox işləməliyik ki, istədiyim səviyyəyə çataq. Komandadan istəyim çoxdur.
- Yerli futbolçuların səviyyəsindən və işə yanaşmalarından razısız?
- Onlar təbii ki, çalışır. Şans verirəm. Yenə verəcəm. Kənan oynayıb, bu gün də Nİhad Əhmədzadəyə şans verdim. Məşqlərdə sübut edirlər ki, oynamaq istəyirlər.
- İki oyundur ki, qalib gəlirsiz. Futbolçuların eyforiyaya qapılacağını düşünürsüz?
- Xeyr. Problem olacağını fikirləşmirəm. Hər yeni oyuna fokuslanırıq. Məncə, problem olmaz.
- Mövsümün sonunda komandanız hansı pilləni tutsa, sizi razı salacaq?
- Əslində, mən çempion olmaq istəyərdim. Amma hələ tezdir. İki turdan sonra bu haqda danışmaq çox tezdir.