
“Qarabağ”la “Sabah”ın istirahət etdiyi Premyer Liqanın açılış turunda ən canayatan, baxımlı, məhsuldar oyununu “Sumqayıt” göstərdi.
Saşa İliçin ayyarıma formalaşdırdığı komanda meydanda sözün əsl mənasında şou göstərərək cəmi bir hissədə, daha dəqiq desək, 23 dəqiqə ərzində “Kəpəz”in qapısından 3 cavabsız top keçirdi.
Hamının əli ağzında qalmışdı. Ki, böyük ölçüdə yenilənən kollektivdə bu cür sürət, bu dərəcədə anlaşma səviyyəsi, bitiricilik bacarığı hardandır?
“Sumqayıt”ın futbolçuları fırtına kimi əsirdi. Xüsusən ilk hissədə elə futbol göstərirdilər ki, sanki uzun illərdir çiyin-çiyinə oynayırlar.
Rüstəm, Ramalinqom, Yankoviç, Abdul Raşid kimi yeni transferlər rəqib komandaların canına qorxu salmağı bacardılar.
Rəqibin “Kəpəz”, yəni hələ tam formalaşmayan, daxili ab-havası yerində olmayan komanda olduğunu nəzərə alsaq, “kimyaçılar”ın performansı aldadıcı ola bilər.
Odur ki, “Sumqayıt”ın əsl gücünə bu gün “Qarabağ”la qarşılaşmada qiymət vermək mümkün olacaq.
Azərbaycan çempionunun çətin Macarıstan səfərindən qayıtdığını və 5 gündən sonra “Ferentsvaroş”la cavab matçına çıxacağını nəzərə alsaq, Qurban Qurbanovun əsas heyət üzvlərini riskə atmayacağı gün kimi aydındır.
Ancaq fakt faktlığında qalır – “Qarabağ” hər halı ilə güclüdür, hər mənada favoritdir.
“Sumqayıt” bu axşam ağdamlıları da büdrətməyi bacarsa, hətta dirəşərək uduzsa belə, bu komandanın əminliklə ilk avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını deyə bilərik.
Əks halda, çətin.
HƏBİB / SPORTİNFO.AZ