
Nəhayət, "Sumqayıt" İmani Barkerlə bağlı qərarını açıqladı.
Müdafiəçi yeni mövsümü "Karvan"da keçirəcək.
Kimdir İmani? Və niyə xəbərə "nəhayət" modal sözü ilə başladım?
Aydınlıq gətirək...
"Sumqayıt" keçidini 13 avqust tarixində açıqladığı 23 yaşlı futbolçu 8 iyul tarixindən düşərgədə yer alırdı.
Komandanın yay təlim-məşq toplanışı dönəmində keçirdiyi bütün sınaq matçlarında meydanda olmuşdu.
Amma heç cür baş məşqçi Saşa İliçin rəğbətini qazana bilmədi.
Belədə son çarə olaraq onun hansısa kluba icarəyə verilməsi qərara alındı.
Bu niyyətlə az qala Premyer Liqanın yarısının qapısı döyüldü.
Amma heç kimdən müsbət cavab gəlməyib.
Daha doğrusu, səviyyəsi heç bir klubu qane etməyib.
Hətta Birinci Liqa klublarından birinə göndərilməsi də müzakirə olunub.
Amma yekunda ağına-bozuna baxmadan heyətini əcnəbilərlə dolduran "Karvan" İmanini icarəyə götürməyə razılıq verməklə "Sumqayıt" rəhbərliyini sevindirmiş olub.
Stoperin maaşını isə "Kimyaçılar" özü ödəyəcək.
Yevlax təmsilçisinin İmani Barkerlə bağlı müsbət qərar verməsinin kökündə də məhz bu məqam xüsusi rol oynayır.
XANOĞLAN / SPORTİNFO.AZ