COP29

"Samir Abasovun mənə güvəni yox idi, indi sevinirəm ki…”

9 Dekabr 2024 23:20 Sumqayıt 1 017
"Samir Abasovun mənə güvəni yox idi, indi sevinirəm ki…”

“Sumqayıt”ın hücumçusu Kamran Quliyev Premyer Liqanın 16-cı turunda “Neftçi”ni məğlub etdikləri matçda (2:0) komandasının ilk qolunun müəllifi olub.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı gənc oyundan sonra sualları cavablandırıb.

- Misli Premyer Liqasının XVI turunda “Neftçi”ni məğlub etdiniz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?

- “Neftçi”yə qarşı qarşı oynamaq həmişə çətin olub. Çünki tarixi klublarımızdan biridir. Nə qədər eniş dövrü yaşasa da, flaqmanımızdır. Çox sevinirik ki, azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində qələbə qazandıq. Fanatlar bu gün həqiqətən də 12-ci oyunçu oldular.

- “Sumqayıt” üçün ilin son ev oyununda qələbə nə qədər vacib idi?

- Oyunlara fərq qoymuruq. Hamısına eyni cür hazırlaşırıq. İlin son ev oyununda azarkeşlərimizi sevindirdiyimiz üçün çox şadıq.

- “Neftçi”yə qol vurmaq necə hissdir?

- Tək “Neftçi”yə yox, həmişə qol vuranda sevinirəm. Çünki hücumçuyam. “Neftçi”yə qol vurduqda isə ikiqat yox, üçqat sevindim.

- Mövsümdə üçüncü dəfə qol vurdunuz. Maraqlıdır ki, 5 turdan bir fərqlənirsiniz. Bu, nə ilə bağlıdır?

- Mövsümün əvvəlində çox şans qazanmırdım. Səbəbi budur. Futbolçu nə qədər çox oynasa, bir o qədər də özünə güvən artar. Mən də əlimdən gələni edirəm ki, komandama faydalı olum. Qol vurdum, ya vurmadım, əsas komandamızın qələbəsidir.

- Samir Abasov amili “Neftçi” ilə matçda motivasiyanızı artırmışdı?

- Uşaqları deyə bilmərəm, amma mənim üçün bu məqam rol oynadı. Çünki “Sumqayıt”da işləyərkən mənə güvəni yox idi. Çıxıb qol vurduğum üçün çox sevincliyəm. Özümü sübut etdiyimi düşünürəm.

- Qarşıdan 2 səfər oyunu gözləyir. “Qarabağ” və “Kəpəz”lə matçlardan gözləntiləriniz nədir?

- Hələ ki, 2 günlük istirahətdəyik. Dincələk, qayıdandan sonra qarşıdakı matçlar barədə düşünəcəyik. İstənilən halda hər iki matça da qələbə üçün çıxacağıq.

- Necə düşünürsünüz, belə davam etsə, sizi tezliklə millidə görə bilərik?

- Hər bir futbolçunun arzusudur ki, millinin şərəfini qorusun. Bu, mənim də ən böyük arzularımdan biridir. Son pillə oradı. Mən də istərdim sonuncu pilləyə doğru addımlayım və orada qalım.

Digər Xəbərlər
Xəbər Lenti