![SƏRT MESAJ: "Samir Abasovun "Sumqayıt"la intriqası varsa, mən burada iştirak etmirəm"](https://www.sportinfo.az/media/2024/12/05/screenshot_20241205_024732_instagram.jpg)
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan kubokunun 1/8 final mərhələsində MOİK-i məğlub etdiyi (3:1) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
- Favorit hesab edilsəniz də 120 dəqiqə əziyyət çəkməli oldunuz. Nəticə fərqli olsaydı, bunu fiasko hesab edəcəkdiniz?
- Bu futboldur. Bugünkü gündə zəif rəqib yoxdur. Hər nə qədər biz favorit hesab olunsaq da. Məncə, 120 dəqiqə gücümüzü göstərdik. Sadəcə qol imkanlarını dəyərləndirə bilmədik. Heyətdə də böyük dəyişiklik etmişdik. Düzdü, stressli oyun oldu. Amma hər bir oyunçumdan razıyam.
- Oyunun hansısa periodunda mərhələ adlamamaq qoruxusu yaşadınızmı?
- Hesab 1:1 olanda rəqibin yaxşı qol imkanı oldu. Səhv etmirəmsə 75-ci dəqiqə idi. Qapıçımız Xəyal seyv edərək buna imkan vermədi. Sizi əmin edirəm ki, o hücum qol olsaydı belə, inanıram ki, istədiyimizə nail olacaqdıq. O demək deyil ki, rəqibin zəif hesab edirəm. Sadəcə "Sumqayıt"ın meydanda üstünlüyü vardı.
- Belə oyunlar gənc futbolçulara şans vermək baxımından bir fürsətdir. Bunu dəyərləndirib meydan verdiyiniz gənclərdən istədiyinizi ala bildiniz?
- Akademiyadan tanıdığımız futbolçuları meydanda görmək məni çox sevindirir. Hər birindən razıyam. Sənan hətta qol vurdu. Yavaş-yavaş onlara şans verəcəm. Niyə də yox? Hamımız gənc olmuşuq və bizə də şans veriblər. Onlar belə oyunlarda iştirak etməlidirlər. Düşünürəm ki, layiqli çıxış etdilər.
- Bu gün əsas komandada sizin olmağınızı onlar üçün əlavə üstünlük saymaq olar?
- Əlbəttə. Mən onlarla aşağı yaş qruplarında birgə işləmişəm. Hər birini tanıyıram. Bu gün də oyunlarını izləyirəm. Hamısının üzünə əsas komandanın qapıları açıqdır. Əlimdən gələn dəstəyi göstərməyə hazıram. Akademiya uşaqlarının A komandasına yüksəlməsində maraqlıyıq. Qalanı özlərindən asılıdır.
- Xəyalın əsas komandada növbəti oyununu necə qiymətləndirirsiz?
- Ümumilikdə yaxşı oyun keçirdi. Düzdü, sonda bir xəta etdi. Belə şeylər olur. Gənc qapıçıdır. Amma yaxşı seyvləri də oldu. Nə qədər ki, buradayam onlara dəstək olacam.
- Qarşıdan "Neftçi" ilə oyun gəlir. Son dönəmlər bu klublar arasında böyük intriqa yaranıb. Bu dəfə qarşı cəbhədə "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasov da yer alacaq. Onunla duelə hazırsız?
- Samir Abasovun "Sumqayıt"la hansısa intriqası varsa, mən o intiraqda iştirak etmirəm. Hər oyuna necə hazırlaşırıqsa, "Neftçi" ilə matça da eyni hazırlaşırıq. Çalışacağıq ki, görüşə maksimum hazır olaq.
XANOĞLAN İMANOV