"Bildiyiniz kimi, Konfrans Liqasına II mərhələdən başlayacağıq.
İkinci mərhələ də iyulun axırında olacaq, düşünürük ki, ilk oyunumuzu öz stadionumuzda keçirə bilərik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.
Premyer Liqada dördüncü yeri tutan və ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanan "kimyaçılar" problemlə üzləşib. Sumqayıt şəhərinin eyniadlı təmsilçisi qitəmiqyaslı turnirdə ev oyunlarını yeni istifadəyə verilmiş Mehdi Hüseynzadə adına stadionda keçirməyə bilər.
Yaxınlarda UEFA-dan gələn təftiş komissiyası burada xeyli çatışmazlıq aşkarlayıb. Ali futbol qurumunun nümayəndələri klub rəhbərliyinə problemləri aradan qaldırmaq üçün vaxt verib.
Z.Xudiyev Konfrans Liqasının II mərhələsində keçirəcəkləri oyun öncəsi stadionla bağlı hələ heç nəyin dəqiq olmadığını söyləyib:
"UEFA nümayəndəsi arenanı yoxladı və müəyyən nüanslar haqqında fikirlər bildirdi. Hansı ki, aradan qaldırılmayacaq çatışmazlıqlar deyil. Biz dördüncü kateqoriya üçün yoxlama istəmişdik. İndiki halda çox xırda, bir neçə toxunuşla avrokuboklardakı ilk oyunumuzu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirə bilərik. UEFA-nın “Sumqayıt”ın stadionuna qadağa qoyması barədə xəbər doğru deyil. UEFA tərəfindən bizə heç bir qadağa qoyulmayıb, bununla bağlı heç bir xəbərdarlıq edilməyib. Həmçinin 100 faiz burada oynayacağımız da bilinmir. Lakin müəyyən düzəlişlər etdikdən sonra ilk oyunumuzu keçirə biləcəyik”.

