COP29

Erkən sevinc, böyük xaos və acı sonluq

5 May 18:35 Sumqayıt 576
Erkən sevinc, böyük xaos və acı sonluq

"Sumqayıt" avrokuboklar uğurunda mübarizədə Tovuzda ağır zərbə aldı.

Burada "Kəpəz"in qonağı olan "kimyaçılar" sonda bir xala sevinməli oldu - 1:1.

Halbuki qələbə qonaqların ovcunun içində idi.

95-ci dəqiqəyə Samir Abasovun yetirmələri 1:0 üstünlüklə, "Kəpəz" isə 1 nəfər azlıqda daxil olmuşdu.

92-ci dəqiqədə Olavale Onanuqa qırmızı vərəqə ilə cəzalanmışdı.

Amma sən saydığını say, gör İqor Rodriges və Elçin Əlicanov nə sayır.

"Gənclik şəhəri" təmsilçisinin bütün ehtiyat skamiyasında əyləşənlər qələbə üçün ayağa durduğu anda portuqaliyalı qolkiperin asmasına Əlicanov baş qoydu.

Lakin buraxılan topda adıçəkilənlərdən çox sumqayıtlı müdafiəçilərin "xidməti" daha böyük oldu.

Söhbət həmin anda müdafiə olunan hər kəsdən gedir.

5-6 qonaq müdafiəçinin həndəvərində Elçin Əlicanovu diqqətə alacaq bir kəs tapılmadı.

Buna erkən qələbə sevinci də demək olar.

Ümumiyyətlə, "Sumqayıt"ın müdafiə xətti Tovuzda özünə bənzəmirdi.

Ələlxüsus da İsa Sülimani.

Mövsüm boyu etibarlı oyunu ilə seçilən pakistanlı ən azı 3 epizodda çox kobud xətası ilə yadda qaldı.

Sadəcə gah rəqib hücumçular səriştəsiz davranırdılar, gah da komanda yoldaşları köməyə çatırdı.

İlk dəqiqələrdən son saniyələrə kimi arxa zonada olan xaosun bir partlayışı olmalıydı.

Axı belə uzun müddət davam edə bilməzdi.

Ki, bu da son saniyələrə təsadüf etdi.

Bu dəfə isə Sumqayıtlı futbolçuların günahlarını yumağa bir hücumluq fürsətləri belə olmadı.

Final fitindən sonra nominal meydan sahiblərinin düşərgəsindən əməlli-başlı qələbəlik vardı.

Gəncəlilər bir xalı 3 xal qazanmış kimi qeyd edirdilər.

"Kimyaçılar" isə hədəflərinə çatmasa, bu görüşü hələ uzun müddət xatırlayacaqlar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti