“Bizim ölkədə "Qarabağ" kimi komanda yoxdur”

14 Fevral 2023 00:50 Sizdən Bizə 1 315
“Bizim ölkədə  "Qarabağ" kimi komanda yoxdur”

Sportinfo.az "Qarabağ"ın şimalı makedoniyalı sabiq məşqçisi Borçe Xristovun müsahibəsini təqdim edir:

- "Qarabağ"ın çıxışını yəqin ki, izləyirsiniz. Hesabat turunda "Sabah"la 1:1 bərabərə qaldılar. Sizcə, artıq "Qarabağ" üçün əsas rəqib "Sabah"dır?
- Bəli, "Qarabağ"ı izləyirəm. Məncə, bərabərsəviyyəli oyun getdi. Görünən odur ki, "Qarabağ" üçün "Sabah"a qarşı asan olmayacaq. Ötən oyun da çətin alınmışdı. "Sabah" çempionatda özünü çox yaxşı tərəfdən göstərib, yüksək səviyyədə futbol oynayır. Yaxşı baş məşqçisi var, yaxşı futbolçulara sahibdirlər. Ötən mövsümdən artırıblar və "Qarabağ" üçün böyük rəqibdirlər. Təəssüf ki, "Neftçi" bu səviyyədə deyil.

- “Sabah” “Qarabağ”dan 5 xal arxadadır. Sizcə, “Qarabağ” çempion olacaq, yoxsa əsas rəqib buna imkan verməyəcək?
- Bütün çətinliyə baxmayaraq "Qarabağ" yenə çempion olacaq. "Sabah" nə qədər güclü olsa belə, onlar "Qarabağ"dan çempionluğu ala bilməyəcək. "Qarabağ" bu mövsüm çox yaxşı oynayır, qələbələr qazanır. Rəqiblər üçün "Qarabağ"a qarşı oynamaq çox çətindir. "Sabah" lazımsız yerlərdə xallar itirdi. Halbuki düşünürdük ki, asanlıqla xal alacaq. Düzdür, çempionatın sonuna çox oyun qalıb. Hələ 100 faiz hər şey həll edilməyib. Amma "Qarabağ"ın böyük şansı var və məncə, çempion onlar olacaq.

- Sizcə nəyə görə digər klublar “Qarabağ” kimi güclü deyil, nəticə verə bilmir?
- Əsas "Qarabağ"ın fəlsəfəsidir. Digər klublar üçün bu fəlsəfəni, oyun sistemini oturtmaq çox çətindir. Avrokuboklarda da "Qarabağ" nəticə qazanır. "Sabah" bir az onlara yaxınlaşır. Onların öz fəlsəfəsi var. Onlar topla daha çox oynamağı sevir, topu itirən kimi pressinq edirlər, çox futbolçu topsuz hərəkət edir. "Sabah"ın oyunu da "Qarabağ"ın oyununa bənzəyir. Ona görə də, bu klub Ağdam təmsilçisinə yaxınlaşıb. "Qarabağ"ın əsas üstünlüyü odur ki, illərdir eyni sistem, eyni prinsiplə işləyirlər. Bu da böyük nəticələrinin səbəbidir. Futbolçu seçimi də komandanın oyununa uyğun seçilir. "Qarabağ"a gələn futbolçulara baxın. Bəziləri elə də güclü səviyyədə gəlmir, amma komandadan ayrılanda hansı durumda olurlar, görürük. "Qarabağ"da 1-2 ildən sonra daha güclü futbolçu olurlar.

- Uzun illər Azərbaycanda - öncə "Bakı", daha sonra "Qarabağ", U-21 yığması və "Zirə"də işləmisiz. Azərbaycan futbolu sizin üçün hansı mənanı kəsb edir?
- Bəli, uzun illər Azərbaycanda işlədim. "Bakı"da iki il çalışdım, çempionluq yaşadım. Azərbaycan futbolunda çox uzun illər keçirmişəm. İndi də Azərbaycan futboluna böyük önəm verirəm, çempionata baxıram, avrokubok oyunlarını izləyirəm. Orada çox dostlarım var. Hazırda da münasibətim var, onlarla danışıram. Azərbaycan futboluna böyük hörmətlə yanaşıram. İldən-ilə daha yaxşı olacağını düşünürəm.

- Son illərdə sənə Azərbaycandan təklif olub?
- 2 ildir Şimali Makedoniyadayam. "Rabotniçki" və "Boreç" klublarında baş məşqçi idim. İndi "Vardar" Akademiyasının idman direktoruyam. Məşqçilər üçün kurslar da verirəm. Hələ ki, heç bir ciddi təklif olmayıb. Doğrudur, bir neçə danışıq olmuşdu. Amma yalnız danışıq səviyyəsində qaldı. İstənilən halda, əgər təklif ciddi olarsa, Azərbaycan mənim üçün Şimali Makedoniya kimidir. İşimi sevirəm, mən peşəkaram, qəbul edib Azərbaycana gələ bilərəm.

- Azərbaycan və Şimali Makedoniya futbolu arasında hansı fərqlər var? Sizdə "Qarabağ" kimi klub yoxdur, Şimali Makedoniya millisi isə Azərbaycan yığmasından güclüdür...
- Bizim millinin son 4-5 ildəki nəticələri Azərbaycan yığmasından yaxşıdır. Çünki biz U-21 yığmalarının Avropa çempionatında çıxış etdik. Amma Şimali Makedoniyada "Qarabağ" kimi komanda yoxdur. "Vardar" və "Şkendiya" kimi böyük büdcələri olmuş komandalar var idi. Ancaq onlar "Qarabağ" səviyyəsində komanda qura bilmədilər. Ağdam klubu çox yaxşı işləyir. Bizdə bu cür fəlsəfə yürütmək çətindir. Səbir çox vacib məsələdir. Bunsuz uzunmüddətli nəticə edə bilməzsən. Bizdə isə belə bir şey yoxdur. Komandalarda işləyən rəhbərliklər bunu çətin qəbul edir, hansı ki, vaxtı ilə "Qarabağ" rəhbərliyi qəbul edib. Məhz bu, "Qarabağ"la digər klublar arasında böyük fərq yaradır. Şimali Makedoniya millisində güclü liqalarda oynayan futbolçular var. Bəlkə də, yığmamızın buna görə üstünlüyü var. Amma bu da dəyişə bilər. Çünki Azərbaycan millisi son bir ildə pis oynamır, yaxşı nəticələr qazanır.

- Yeri gəlmişkən, Azərbaycan millisi elə son yoxlama görüşündə Şimali Makedoniyaya qalib gəldi. Skopyedəki görüşü izlədin?
- Bəli. Skopyeyə gələn millinin bəzi üzvləri ilə görüşdüm, danışdıq. Azərbaycan bu oyunda çox yaxşı oynadı. Baxdığım ən yaxşı görüşü idi. Görünürdü ki, nə istədiklərini və necə nəticə qazanmaq lazım olduğunu bilirlər. Elə problem bu idi ki, nəticəyə oynamaq çətinləşirdi. Amma bu yoxlama görüşü idi. Başqa motivasiya var. Amma bu oyun göstərdi ki, Azərbaycan millisinin səviyyəsi var və nəticə qazana bilər. Yığma daha yaxşı səviyyədə oynamaq üçün bir addım irəli ata bilər.

- "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə qarşılaşacaq. Necə düşünürsüz, "Qarabağ" bunu bacaracaq?
- Çətin matç olacaq və səbirsizliklə bu oyunu gözləyirəm. "Qarabağ" bu oyunu qalib başa vurmalıdır. Şanslar 50/50-dir. Bu oyunda komandaların az səhv etməsi önəmli olacaq. "Gent" "Qarabağ" kimi futbol oynayır, yüksək pressinq edirlər, topla oynamağa daha çox üstünlük verirlər. Ancaq futbolçuların fərdi keyfiyyəti də bu oyunda həlledici ola bilər. Məncə, "Qarabağ" qalib gələcək. Təcrübə də öz sözünü deyəcək. "Qarabağ" bu səviyyədə ilk matçını oynamayacaq. Kadi və Ovusunun gedişinə gəlincə, bu, mənfi haldır. Tez bir zamanda onlar kimi oyunçu tapmaq çətindir. Xüsusən də, Kadi kimi. O, geridə qalan iki ildə "Qarabağ"a çox şey verməyi bacardı. Amma futboldur. Böyük komandalar belə, zamanı gəlir futbolçusunu saxlaya bilmir. "Qarabağ" belə futbolçular satırsa, demək ki, düzgün yoldadırlar. Futbolda önəmli olan həm nəticələrdir, həm də transfer siyasəti. Yeni gələnlərin də səviyyəli olduğunu düşünürəm. Amma "Gent"lə matçlarda nə dərəcədə kömək edə biləcəklər, bilmirəm. Bəlkə sonra kömək olacaqlar. Hər halda, indi "Qarabağ"da uzun müddət oynayanlar nəsə edə bilər. Abdulla Zubir, Ramil Şeydayev, Musa Qurbanlının "Qarabağ"a tarixi nəticə qazandıracağına inanıram. Ümidvaram ki, hər şey yaxşı olacaq və "Qarabağ" "Gent"i udacaq (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti