"Xəzər Lənkəran" böyük klub idi, çox pis oldum"

19 May 02:10 Sizdən Bizə 1 470
"Xəzər Lənkəran" böyük klub idi, çox pis oldum"

Azərbaycanda oynamış xorvatiyalı futbolçulardan biri də Marin Orsuliçdir.

Sportinfo.az xəbər verir ki, vaxtilə "Xəzər Lənkəran"da çıxış etmiş xorvat hazırda məşqçi kimi ölkəsində çalışır.

"Yadran"ın baş məşqçisi olan Orsuliç sportal.az-a müsahibəsində həm "Xəzər Lənkəran"dakı vaxtlarını xatırlayıb, həm də hazırda bu ölkədə çıxış edən millimizin hücumçusu Mahir Emreli barədə danışıb.

Xorvatiyadan ayrıldıqdan sonra ilk dəfə Azərbaycanda legioner həyatı yaşamış Marin ardınca ÇSKA(Sofiya), “Tromso”, “Omoniya”, “Seonqam”, “Kaysar” olmaqla 6 fərqli ölkədə oynamışdı.

- Hazırda üçüncü liqada işləyirsən. Daha yüksək liqalarda işləmək şansın nə qədərdi?
-
Bəli, üçüncü divizionda işləyirəm. Hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşmışıq. Bununla yanaşı futbol məktəbində çalışıram. Təbii ki, bu işi sevə-sevə edirəm. Gələcəkdə necə olacağını görəcəyik.

- Xorvatiyada işləsən də, hər halda Azərbaycan çempionatı ilə maraqlanırsan?
- Karyeram ərzində 6-7 ölkədə oynamışam. Təbii ki, hər bir ölkənin çempionatı və sabiq komandalarımı daim izləyirəm. Onlar arasında Azərbaycan çempionatı da var. "Xəzər Lənkəran"ın hazırda fəaliyyət göstərməməsinə görə üzülürəm. Doğurdan da bunu görmək ağırdı. Azərbaycanı çempionatını və Azərbaycan millisinin çıxışını da izləyirəm.

- Uzun illərdir ki, "Qarabağ" Premyer Liqada dominantlıq edir. Səncə, onlar buna necə nail oldu?
-
"Qarabağ" böyük klubdu, yaxşı idman siyasəti, yaxşı oyunçuları, yaxşı maliyyəsi var. Buna görə də onların ilk pillədə olması normaldı. Düzdü, Azərbaycan Premyer Liqası asan deyil, çətindi orada daim çempion olmaq da. "Qarabağ"a və orada işləyənlərə sadəcə "respect" düşür.

- "Xəzər Lənkəran"da oynadığın vaxtlarda "Qarabağ"a qarşı matçları xatırlayırsan?
- Düzünü deyim, "Qarabağ"a qarşı oyunlarımızı o qədər də xatırlamıram. Bilirsiz, o vaxtı "Qarabağ" elə də güclü deyildi. Azərbaycanda oynadığım dövrdə "İnter", "Neftçi", "Xəzər Lənkəran" ən güclülər idi. "Neftçi" ilə biz isə dominantlıq edirdik.

- "Xəzər Lənkəran" bir neçə ildir ki, fəaliyyətini dayandırıb. Necə düşünürsən, bu klubun fəaliyyətini dayandırmasının Azərbaycan futboluna mənfi təsiri var?
-
Bilmirəm nə baş verdi, nəyə görə bu klub fəaliyyətini dayandırdı. Həqiqətən çox pis oldum. "Xəzər Lənkəran"da oynayanda, Lənkəranı, azarkeşləri çox sevirdim. Mənim üçün gözəl idi hər şey. Onların olmaması məni üzür. "Xəzər Lənkəran" böyük klub idi, əla stadionu və möhtəşəm atmosfer yaradan azarkeşləri var idi. Azərbaycanda ən çox və əla azarkeşləri olan klub "Xəzər Lənkəran" idi. Onların çempionatda olmaması üzücüdü.

- “Xəzər Lənkəran”ın “Makkabi”yə 0:8 hesabı ilə uduzduğu matçın iştirakçılarından biri də sənsən. Həmin oyunda nə baş vermişdi? Hətta sonradan söz-söhbət gəzirdi ki, Con Toşakın istefasına görə komanda bilərəkdən uduzub....
- Bəli, oyunu xatırlayıram. Karyeramın ən ağır periodu, ən ağır məğlubiyyəti, utancverici oyunu idi. "Makkabi" ilə oyundan sonra 3-4 ay danışmaq istəmirdim, çox pis olmuşdum. Con Toşak məsələsinə gəlincə, bu, düzgün deyil .Biz onun istefa verməsinə görə uduzmamışdıq. Kim bunu deyib, niyə deyib, bilmirəm. Sadəcə "Makkabi"yə qarşı keçirdiyimiz gün ən pis günümüz idi. İsraildə çox yaxşı oynamışdıq və 0:2 uduzmuşduq. Məğlubiyyətə baxmayaraq hamımız inanırdıq ki, "Makkabi"ni Azərbaycanda udaraq, üçüncü təsnifat mərhələsinə yüksələcəyik. Amma artıq 12-ci dəqiqədə 0:3 uduzurduq. Bu, böyük şok idi bizim üçün. Belə olan təqdirdə biz yalnız oyunun sona çatmasını gözləyirdik. “Makkabi” isə çox yaxşı oynadı, qollar ard-arda gəlirdi, biz şokdaydıq, onlar qol vururdu. Həqiqətən çox pis gün idi, hamımız çxo pis olmuşduq. O oyun barədə düşünmək istəmirəm. Mənə görə Con Toşak çox yaxşı məşqçidi, böyük addı. Dediyiniz məsələ isə doğru deyil.

- Mahir Emreli hazırda "Dinamo"da çıxış edir. Onun Zaqreb klubundakı çıxışı barədə fikrin necədi?
- Oyunların birində Mahiri canlı izləmişəm. Yaxşı sol ayağı, sürəti, driblinqi və zərbələri var. "Dinamo" böyük klubdu. O, Xorvatiya futboluna adaptasiyası olmaq üçün bir az vaxta ehtiyac duyur. Təbii ki, yaxşı futbolçudu və “Dinamo"ya çox kömək olacaq. Mahirin yaxşı texnikası, yaxşı zərbələri var. Xorvatiyada insanlar bunu xoşlayır. Azərbaycanlı futbolçuları Xorvatiya liqasında görmək xoşdu.

Digər Xəbərlər
Xəbər Lenti