7-dən 77-yə… Cavid Hüseynovun "Şamaxı"da qazancı

5 Mart 2023 14:00 Şamaxı 941
7-dən 77-yə… Cavid Hüseynovun "Şamaxı"da qazancı

Premyer Liqada qalmaq mücadiləsi verən autsayderlər arasında «Şamaxı»nın öz yeri var.

Sırf yerli futbolçulardan ibarət kollektiv quran Cavid Hüseynovun yeni işinin öhdəsindən gəldiyini deməliyik.

«Afərin»dən savayı ona deyiləcək ikinci kəlmə yoxdur.

Dörd turluq məğlubiyyət seriyasının davamının «Sabah»la oyunda gəlməsi gözlənilirdi. Proqnozları alt-üst etdilər.

Çempion adına ikinci namizədi Şamaxıdan xalsız göndərdilər. Avrokuboklar iddiasını qoruyan «Zirə»dən də səfərdə 1 xal aldılar.

Nihad Quliyevin avtoqolu olmasaydı, qələbə də qazana bilərdilər.

Hesabı öz xeyirlərinə dəyişəndən sonra fərqi artırmaq üçün bir-iki epizoda girdilər, şans üz döndərdi, oradan çıxmağa gücləri çatmadı.

Cavid Hüseynovun Premyer Liqanın 8 iştirakçısına münasibəti eynidir. Mövzu «Qarabağ»dırsa, bu baxış dəyişir, qalan hamısına qarşı eyni futbolu oynadır.

Özü çəkinmir, komandasına da qorxmaz futbol oynadır. Bu prinsiplə çalışan çox məşqçi tanımıram. Uzağı, 1-2 nəfər ola bilər.

Ötən ilin avqustuna, yeni mövsümün əvvəlinə kimi «Şamaxı»nın futbolçuları heç kimə lazım deyildi. Real bir təklifləri olmadı, futbol ənənəsi olmayan bu rayona yığışdılar.

Aradan 7 ay ötüb, eşitdiyimizə görə, «Şamaxı»nın 7-dən 77-yə bütün futbolçularına oradan-bura dəvətlər yağmaqdadır.

Cavid Hüseynovun qazancı ad-soyadları dəftər-kitabdan silinənləri təkrar futbola qazandırmaqdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"