"Səbail"in əmiri - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

10 Aprel 2020 17:10 Səbail 839
"Səbail"in əmiri  - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

Qapıçı komandanın yarısı hesab olunursa, kapitan o komandanın "bir nömrə"sidir: danışan dili, döyünən ürəyidir.

O bazubəndi qola taxmaq üçün yalnız yaxşı oyunçu olması kifayət etmir.

Meydandakı kimi, meydandan kənardakı davranışı ilə bunu haqq etməlidir. Yəni ki, fərdi bacarığı, sözünün kəsəri, avtoriteti ilə başqaları tərəfindən qəbul olunmalıdır.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 8 komandanı 23 nəfər kapitan sarğısı ilə meydana çıxarıb. Bu, o deməkdir ki, onların hamısı formasını geyindiyi kollektiv tərəfindən lider olaraq qəbul edilir? Əsla, belə düşünməyin.

(ilk 6 yazının linkt burada - https://www.sportinfo.az/idman_xeberleri/neftci/81480.html /// https://www.sportinfo.az/idman_xeberleri/kesle/81545.html /// https://www.sportinfo.az/idman_xeberleri/sabah/81612.html /// https://www.sportinfo.az/idman_xeberleri/qebele/81685.html /// https://www.sportinfo.az/idman_xeberleri/zire/81760.html /// https://www.sportinfo.az/idman_xeberleri/sumqayit/81826.html)

Sıra artıq «Səbail»dədir. O klubda ki, cari mövsümə böyük problemlərlə başlayıb və bu, hələ də davam etməkdədir.

Ötən yay tarixində ilk dəfə avrokuboklara qatılan «dənizçilər»in başsız atlıya çevrilməsi, ola bilsin, kənardan bir o qədər də hiss olunmur. Klubun rəhbərsiz fəaliyyət göstərməsi, prezidentin, icraçı personalın yoxluğu bəlkə də çoxlarına məlum deyil.

Tamerlan Abdullayev? Onu bir neft şinkətində, bir də AFFA-da tanıyırlar. Hə, bir də elit çay evlərinin müştəriləri. Abdullayev pərdənin arxasındakı fiqurdur.

Rəsmən «Səbail»ə heç bir bağlılığı olmasa da, gerçəklik budur ki, klubun qeyri-rəsmi rəhbəridir. Ancaq o, çox işə qarışmır, bəzən «hə» deyir, bəzən «yox».

Komandadakılar onun üzünü ildə-ayda bir-iki dəfə görürlər, ya görmürlər. Onda da təbrik və mükafat üçün VİP-dən paltardəyişmə otağına enir. Vəd verir, sonra xeyli müddət ortalıqdan yox olur. Belədə kollektivin bütün yükü qalır Aftandil Hacıyevlə futbolçuların üzərində.

Hacıyev baş məşqçi olaraq gənc sayılsa da, yaxşı ki, oyunçu seçimində az səhvə yol verib. Onun başına yığışanlar arasında gənclər üstünlük təşkil edir, amma bir nəfər var ki, min cavana dəyər. Heç şübhəsiz, o, Rahid Əmirquliyevdir.

«Səbail»də ikinci mövsümünü keçirən millinin sabiq yarımmüdafiəçisi bu «ev»in dirəyidir, canıdır, qanıdır, suyudur, dərmanıdır. Ötən ilin avqustundan üzəbəri düşərgəni 20-yə yaxın futbolçu tərk edib, lakin Rahid çətin dönəmdə kollektivi atıb getməyi özünə yaraşdırmayıb.

Təklifləri olsa da, daha artıq maliyyə şərtləri ilə onu şirnikləndirməyə çalışanlar tapılsa da. Qalıb və deyib ki, mən son anadək Hacıyevin yanındayam.

Futbolumuzun hal-hazırkı vəziyyətində belə böyük ürək sahibi olan oyunçular azdır. «Bax, əsl lider belə olar» deyərkən, Əmirquliyev başa düşülər.

Komandanın cavanı da, yaşlısı da Rahidi dinləyər, sözündən çıxmaz. Sakit və mehribandır, diqqətcildir. Bir problem oldusa, hamısı birinci ona üz tutar.

Bəzi başqa kapitanlar kimi baş məşqçinin və yoldaşlarının ayağının altını qazmaz.

O, öz əməyinin qarşılığını daşdan çıxarandır. Daha nələr görməyib ki bu futbol aləmində… Başı dərdlər çəkib. Aldadılıb, inamından sui-istifadə olunub, fırıldaqlara məruz qalıb. Gəl ki, bütün bunlar Əmirquliyevi futboldan, topdan soyutmayıb. Meydana çıxdığı hər oyunda canı və ruhu ilə mübarizə aparır.

Yaşı 31-dir, amma komandasının ən hərəkətli simasıdır. Afandil Hacıyev kapitanını daha hansı mövqedə oynatmadı ki… Qapıdan başqa yer yerdə!

Lazım gəlsə, qapı önünə də keçər. Təki komandaya faydası dəysin, qələbə qazansınlar.

Bilirik ki, Rahid xeyirxah əməlləri ilə təkcə onu tanıyanlar tərəfindən sevilmir. İlk dəfə qarşısına çıxan və kömək istəyən neçə-neçə Allah bəndəsinə yardımını əsirgəməyib. Bir çoxundan fərqli, bunu sonradan heç dilinə də gətirməyib.

Axı sağ əlin verdiyini sol əl bilməməlidir.

Siz onu heç vaxt bəziləri kimi «Port Baku»nun bahalı kafelərində qəlyanı tüstülədən görə bilməzsiz. Əsl ailə, ev-eşik adamıdır. İdman rejiminə dəqiqliyi ilə əməl edər, gecə həyatıyla gündəmə gəlməz. Lovğa və özündənrazı həyat tərzini göstərmək, gözə soxmaq, bununla öyünmək üçün sosial şəbəkələrə üz tutanlar Rahidə baxıb utanmalıdır.

Əmirquliyevin mediaya münasiğəti də təqdirəlayiqdir. Bir həmkarımız deməz ki, o, yalançı və etinasızdır, yekəxanadır. Hər suala ədəblə cavab verər, yayınmaz, ona ünvanlanan mesajı görməzdən gəlməz, günlərlə gözlətməz. Rahid mədəniyyətin və tərbiyənin özüdür.

(VII YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!