"Mən belə vəziyyətə heç vaxt öyrəşməmişəm"

31 Mart 2020 22:20 Səbail 617
"Mən belə vəziyyətə heç vaxt öyrəşməmişəm"

«Mən belə vəziyyətə heç vaxt öyrəşməmişəm, ona görə bir az çətinlik çəkirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in kapitanı Eltun Yaqublu deyib.

Bayıl klubunun lideri koronavirusa görə Premyer Liqada yaranmış fasilənin futbolçuların fiziki və psixoloji durumuna zərərindən danışıb. 28 yaşlı müdafiəçi karantinin tətbiqindən sonra fərdi məşq etməyin problem olduğunu qeyd edib:

«Komanda üç həftəyə yaxındır məşqləri dayandırıb. Hər birimizə fərdi məşq proqrammı verilib. Son günlərə kimi arada bulvara çıxıb qaçırdıq. İndi bu, mümkün deyil.

Adicə küçəyə çıxırsan, post-patrul əməkdaşları yaxınlaşıb deyir ki, bayırda çox qalmayın, evə gedin. Belə deyim, maarifləndirici söhbət aparırlar, deyirlər ki, maska və əlcək geyinin, ünsiyyətdə olmayın.

Mən də çalışıram bu qaydalara əməl edim. Nə işim olursa, tez görüb evə qayıdıram. Evdə də vaxtımı əsasən ailəmlə, övladımla keçirirəm. Mən bina evində qalıram, yaşyarımlıq uşağı heç həyatə də düşürə bilmirəm.

Belə görürəm ki, hələ bir neçə həftə karantin olacaq. Çempionat mayda başlamasa, mütləqdir ki, bütün komandalar təlim-məşq toplanışına yığışsın. Heç olmasa, bir toplanış keçirilməlidir.

Futbolçu 2-3 gün istirahət edib sonra məşqə çıxanda, tez yorulur, həvəsi olmur, əziyyət çəkir. İndi qaldı ki bir ay, ayyarım məşq etməyəsən… Heç bir futbolçu bu müddətdə formada qala bilməz.

Karantin qurtaran kimi çempionat başlasa, hər oyun neçə-neçə futbolçu zədə alacaq. Premyer Liqanın sonuna 8 tur qalıb. Çempionat mayın ortası, lap axırı bərpa olunsa, düşünürəm ki, mövsümü başa vurmaq olar. Üçgündən bir oyunları keçirməklə bunu etmək mümkündür».

Digər Xəbərlər
Xəbər Lenti