“Keyfiyyətli futbolçulara sahib çox yaxşı komandamız var.
Sadəcə, öz oyunumuzu sərgiləyə bilmədik”.
“Səbail”in legioneri Nir Bardea Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”la oyunu dəyərləndirib.
Muxtar Respublika təmsilçisi birinci hissədə hesabı açmasına rəğmən qarşılaşmanın gedişində 4-5 real qol epizodunu boşa verdi.
Meydan sahibləri qələbənin bir addımlığında ikən Numan Kurdiçin öz qapısına vurduğu qol yekunda tablodakı “1-lər”in bərabərləşməsinə səbəb oldu.
İsrailli müdafiəçi “Araz-Naxçıvan”la görüşdəki uğursuz çıxışı bəxtsizliklə əlaqələndirib:
“Oyunun gedişində öz komandamıza baxıb, nə baş verdiyini anlaya bilmirdim. Hər oyunda qol vururuq, qələbəyə yaxın oluruq.
Ancaq bu dəfə nəsə alınmırdı.“Kəpəz”lə oyunda yaşananlar bu dəfə bizə qarşı oldu.
Ötən həftə biz daha çox şans qazanıb qol vura bilməmişdik, həmin şey öz başımıza gəldi. Mən bunu bəxtsizliklə əlaqələndirirəm”.
“Səbail” 15 oyundan 23 xal toplamaqla “Sumqayıt”la 3-4-cü pillələri bölüşür. “Dənizçilər” növbəti turda “Sabah”ın qonağı olacaq.
HƏBİB