COP29

Nə qədər istəyirsən, pul verir, niyə oynamasınlar ki..?

27 Sentyabr 2023 17:40 Səbail 737
Nə qədər istəyirsən, pul verir, niyə oynamasınlar ki..?

Hazırda Premyer Liqanın haqqında ən çox danışılan iştirakçısı «Səbail»dir.

Ardıcıl dörd qələbə Şahin Diniyevi meydanın mərkəzində - gündəmdə saxlayır.

Bu, onun karyerasında bir ilkdir.

Məşqçiliyə başlamasından hardasa 25-30 ilə yaxın vaxt ötür, hələ belə olmamışdı ki, çalışdırdığı hansısa komanda dalbadal 4 qalibiyyət əldə etsin.

Demək ki, Diniyev doğru iş metodunu fikirləşib tapıb, dəyişib?

Açığı, bu rəyə qatılmıram. Diniyev həmin adam, həmin məşqçidir.

«Səbail»i relsdə saxlayan Rauf Vəliyevdir. ASCO-nun İdarə Heyətinin sədri himayədarı olduğu komandaya əlinin yağını yedizdirir.

Gözünü qırpmadan, tərəddüd etmədən pul xərcləyir. Hər oyuna görə yüksək mükafat təyin edir.

Divin canı şüşədə olduğu kimi, futbolçunun canı da o puldadır.

Maaşını bir neçə gün, bir neçə həftə gecikdir, gəlib qapını döyməz, uzaqbaşı, dodaqaltı mızıldanar.

Söz verilən mükafatı gətirib vaxtında vermə, gör, aləmi qatır bir-birinə, ya qatmır!

«Səbail»də pul problemi ötən yaydan bitib. O tarixdən bu tərəfə maddi dəstək əladır.

Hər həftə əlavə 2-3 min manat qazana biləcəyinə əmin olan futbolçu Diniyevlə də çalışar, bir qeyrisiylə də.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti