
“Səbail”in qış fasiləsində heyətinə qatdığı futbolçulardan biri də Matiya Lyuyiç oldu.
Serbiyalı legioner ikinci yarının startından bir qədər sonra Bayıl təmsilçisinin düşərgəsinə qoşuldu.
29 yaşlı yarımmüdafiəçi komandaya gec qoşulmasına rəğmən qısa müddətdə yeni kollekktivə alışmağı bacardı.
Artıq 4 oyunda meydana çıxan orta xətt oyunçusu təmsilçimizin əsas liderlərindən birinə çevrilib.
O, bu qarşılaşmalarda aktivinə 1 qol və 1 asist də yazdıra bilib.
Adətən yeni transferlərə ən azı 1 ay zaman lazım olur. Ki, yeni ölkəyə, yeni çempionata alışa bilsin.
Maraqlıdır, Matiya necə oldu ki, bu prosesi qısa müddətdə arxada qoya bildi?
O, Sportinfo.az-a açıqlamasında sorğumuza cavab olaraq bunları dedi:
“Günüm daha çox bazamızda keçir. Oyunlar və məşqlər barədə düşünürəm.
Cəmi 2 dəfə şəhərdə olmuşam. Deyə bilərəm ki, həqiqətən də paytaxtınız gözəl şəhərdir.
Lakin ondan da önəmli olan başqa məqam məni daha çox özünə cəlb edir. Bu, azərbaycanlıların isti insanlar olmasıdır.
Avropadakı kimi deyillər. Ona görə də bura mənim xoşuma gəlir.
Bir sözlə, Serbiyaya oxşar mentalitetiniz olduğunu bildirməliyəm”.
XANOĞLAN