Qalmaqallardan başı açılmayan Qurbanovu gözləyən TƏHLÜKƏ

28 Sentyabr 2022 17:00 Səbail 2 940
Qalmaqallardan başı açılmayan Qurbanovu gözləyən TƏHLÜKƏ

Mahmud Qurbanovun “Səbail”də işləri heç cür yolunda getmir.

Hələ mövsümün startına az qalmış – Gürcüstan toplanışında onun Adil Nağıyevi əsas komandada görmək istəməməsi ilə gənc mütəxəssisin başına gələn ilk qalmaqalın təməli qoyulmuşdu.

Müəmmalı qərarın ardından təcrübəli oyunçu son anda “Şamaxı”ya icarəyə verilmişdi.

Kənarda başverənlərin birbaşa meydana sirayət edəcəyi sirr deyildi. Ki, elə də oldu. İlk üç turda paytaxt klubu aktivinə cəmi 1 xal yazdıra bildi. Onu da 3 xal havasında yollandığı Şamaxı səfərində. “Qarabağ”a məğlubiyyət anlaşılan idisə, “Turan Tovuz”a doğma meydandakı məğlubiyyətin (0:1) izahı yox idi.

4-cü tur ərəfəsində hətta Qurbanov ətrafında istefa sədaları da eşidilməkdə idi. Amma “Kəpəz” üzərində parlaq qələbə (4:1), ardınca iddialı “Sabah”ın büdrədilməsi (0:0) uğura yeni qığılcım yaratmış oldu.

Düzdü, sonrakı iki turda da Bayıl klubu yenidən məğlubiyyətləri sıraladı. Amma Qurbanovun yetirmələri azlıqda qaldığı oyunda güclü “Zirə”yə qarşı oyunda (1:2) və sonuncu “Neftçi” məğlubiyyətində də (0:2) yaxşı oyun keçirməyi bacarmışdı.

Düşünmək olardı ki, keçən zaman kollektivin daha da bərkiməsinə, formalaşmasına səbəb olur/olacaq. Bu baxımdan milli komandanın oyunları ilə bağlı yaranmış fasilə də yerində idi.

Ancaq son yaşananlar yenə bədbin notlara girməyə ciddi əsas verir. Belə ki, baş məşqçi Fakundo Kardozo ilə Luvaqa Kizitonu daxili nizam-intizam qaydalarını pozduğu üçün əsas komandadan uzaqlaşdırılıb.

Argentinalı müdafiəçi ilə uqandalı hücumçuya pul cəzası da kəsilib. Bəli, ciddi nizam-intizam uğurun açarıdır. Qurbanovu bu baxımdan qınamaq olmur.

Lakin onu da demək lazımdır ki, bu qərar xeyirdən çox zərəri ola bilər. Onsuz da heyət geniş deyil. Belədə iki əcnəbinin də göndərilməsi komandanın gücünü zəiflətmiş olacaq.

Xüsusilə də Kardozo müdafiə üçün vacib fiqurlardan hesab olunurdu. Qarşıdan isə kifayət qədər uğurlu təqvim gəlir.

Növbəti 5 turda “Səbail”i “Qəbələ, “Sumqayıt”, “Turan Tovuz”, “Şamaxı” və “Kəpəz”lə oyunlar gözləyir. Hər halda büdcələri, hazırlıqları nəzə alsaq, "Qəbələ" xaric digərləri paytaxt klubunun dişinə görədir.

Hələlik rəhbərlik baş məşqçinin qərarlarına dəstək olur. Amma bu perioddan üzüağ çıxmaq mümkün olmasa, “Səbail”də növbəti ayrılıq Mahmud Qurbanovun özü ilə bağlı ola bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti