Son 2 ildə Azərbaycanda ən çox incidilən və sıxışdırılan baş məşqçi

13 Sentyabr 2021 17:40 Səbail 1 425
Son 2 ildə Azərbaycanda ən çox incidilən və sıxışdırılan baş məşqçi

Bir ay əvvəl Aftandil Hacıyevin qulağına pıçıldayan olsaydı ki. komandası ilk 3 turdan sonra liderlər qrupunda qərarlaşacaq, həmin şəxsi təəccüblə süzüb, əlini onun alnına söykəyərdi: başına soyuq dəyməyib?

Premyer Liqada daşlar bir neçə tur ərzində yerinə oturacaq. Hələlik külək əsir və hərdənbir yerə qoz tökülür.

«Qəbələ» ilə «Səbail»in üst sıralarda göz dəyməsi, əslində, epizodik haldır, gəlib keçicidir. Bu komandalar mövsümü 5-6-cı sıralarda başa vursalar, qapılarında toy mağarı qurub, 7 gün, 7 gecə şadyanalıq eləsinlər.

Bu gün üçün hər şey «Səbail»in ürəyincədir. Çün ürəklə meydana çıxıb, ürəklə mübarizə aparırlar. Onlara bu hissi aşılayan Hacıyevdir.

O Hacıyev ki, bu «Səbail»də baş çıxarır, yola vermir. Ondakı səbr, ondakı iradə, ondakı çalışmaq istəyi sözün bütün mənalarında alqışalayiqdir, qibtəolunasıdır.

Hacıyev son 2 ildə ən çox incidilən və sıxışdırılan baş məşqçidir Azərbaycanda.

Bir adamı neçə yerdən, neçə küncdən, neçə tin-bucaqdan vurarlar?

Maliyyə ilə «döyürlər», şəraitsizliklə boğaza yığırlar, başqa-başqa vasitələrlə incidirlər, az qala, döyürlər, əmbə o, yenə dayanmır, dirənir, iş qoyur ortaya.

«İnter»də operator olmuş Farikin (Fərəc Əliyev) ümidinə buraxılmış klubun baş məşqçisi olmağın özü də bir cəhənnəm əzabıdır.

Hacıyev buna da qatlaşır və… komandasına futbol oynadaraq, «Sumqayıt»a da qalib gəlir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"