Himni kim oxudu, kim susdu? - Ölkəmizdə nəzarətə götürülməli olan VİDEO

15:40 Hadisə 160
Himni kim oxudu, kim susdu? - Ölkəmizdə nəzarətə götürülməli olan VİDEO

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov milli dəyərlərə həssas yanaşır.

Onun üçün azərbaycanlı futbolçuların daha çox şans qazanması, xüsusən də gənclərin özünü yaxşı tərəfdən göstərməsi prioritetdir.

Abbasov hələ U-21-ni çalışdırdığı dönəmdə verdiyi açıqlamada “Himn oxunan zaman bütün stadion Azərbaycan sözünü eşitməlidir” açıqlamasını dilinə gətirmiş, bununla bağlı tapşırıq verdiyini açıq etiraf etmişdi.

Əsas yığmanın “sükanı” arxasına keçəndən sonra himn mövzusunda mətbuata açıqlamasında bu cür reaksiya vermişdi:

“Məncə, çoxluq oxuyur. Bunu deyəndə dedilər ki, himn oxumağa xal verilmir. Oxumağın da fərqi var. San Marino ilə oyunda fərq hiss olunurdu ki, çox istəkli oxuyurdular.”

Üstündən aylar keçib və milli komanda sentyabrın 23-də Tacikistanla yoxlama oyununda üz-üzə gəldi.

Oyundan əvvəl Dövlət Himni səslənəndə futbolçuların Dövlət Himninə necə yanaşdığını görmək istədim. Və bunun üçün əlimdəki telefonun kamerasını işə salıb ümumi mənzərə ilə tanış oldum.

Məlum oldu ki, Aleksey İsayevlə Abdullah Xaybullayev himni oxumur. Rəhim Sadıxov etika naminə ağzını tərpətsə də, sözləri düzgün ifadə etmədiyi açıq-aydın görünürdü.

Bəlkə də görüntüdə yanılıram. Ancaq kənardan görünən odur ki, milli üzvlərinin himni oxuması nəinki stadiondakıların qulaqlarını batırır, bəziləri himnin sözlərini belə bilmir.

Ümid edək ki, qarşıdakı mühüm oyunlardan sonra Ayxan Abbasov bu məsələ ilə bağlı xüsusi tapşırıq verib, ən qısa zamanda xoşagəlməz mənzərənin aradan qalxmasının səbəbkarı olacaq.

Himnin sözlərini, bayraqdakı rənglərin mənasını bilməyən futbolçudan yığma komanda üçün can yandıracağını gözləmək absurd deyilmi?

Himni oxuya bilməyən futbolçu milliyə dəvət olunmasın və bu barədə ictimaiyyətə məlumat verilsin - yəqin ki, bu yolla problemi aradan qaldırmaq olar.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti