Azərbaycan komandasının sabiq baş məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli mütəxəssis əvvəlcə yığmamızın Tacikistanla keçirdiyi yoxlama görüşü (1:0) barədə fikirlərini bölüşüb.
“Hər bir yoldaşlıq görüşünün öz məqsədi olur. Düşünürəm ki, Tacikistanla oyun da millimiz üçün iki istiqamətdə məqsəd daşıyırdı.
Birincisi, komanda üç aydır oyun keçirmirdi, bir araya gəlmirdi. Bu baxımdan qələbə qazanmaq, ruh yüksəkliyini artırmaq və futbolçuların özünəinamını qaytarmaq vacib idi.
İkinci məqsəd isə baş məşqçi Ayxan Abbasovun müxtəlif rotasiyalarla futbolçuları yoxlaması və əsas mərhələdə Litva ilə oyun öncəsi optimal heyəti müəyyənləşdirməsi idi.
Heyətə yeni oyunçuların da cəlb olunması sevindirici haldır. Artıq gənclərə daha çox şans verilməlidir.
Onlara imkan yaratmaq lazımdır ki, təcrübə toplasınlar və gələcəkdə milli komandamıza daha böyük töhfə versinlər.
Düzdür, Tacikistanla oyunu futbol baxımından, epizodların çoxluğu və oyun keyfiyyəti baxımından gözəl adlandırmaq çətindir. Amma əsas məsələ, dediyim kimi, qələbə idi”.
Əsədov daha sonra yığmamızın bu gün Millətlər Liqasının D liqasının ilk turunda səfərdə Litva ilə keçirəcəyi qarşılaşma ilə bağlı gözləntilərini açıqlayıb.
“Qarşıda bizi daha çətin sınaq – Litva ilə oyun gözləyir. Litva son dönəmlərdə yaxşı performans göstərir.
Xüsusilə diqqətçəkən məqam odur ki, futbolçularının təxminən 70 faizi xarici klublarda çıxış edir. Bu da onların həm fiziki, həm də praktik baxımdan daha hazırlıqlı şəkildə milliyə gəlməsinə imkan yaradır.
Bizdə isə mənzərə bir qədər fərqlidir. Futbolçularımızın oyun praktikasının azlığı və təcrübə çatışmazlığı açıq şəkildə sezilir.
Tacikistanla görüşdə də bunun müəyyən əlamətlərini gördük. Fiziki baxımdan da komandamızda müəyyən çatışmazlıqlar var.
O baxımdan Litvada keçiriləcək ilk oyundan çox şey asılı olacaq. Orada qazanılacaq minimum bir xal belə bizim üçün aktivə yazılacaq.
Çünki strateji baxımdan əsas məqsəd sonda qrupda birinci yeri əldə etməkdir. Millimizə uğurlar arzulayırıq. İnanırıq ki, komandamız Litvadan bizim üçün sərfəli nəticə ilə qayıdacaq”.
XANOĞLAN
