Bu gün Kaunasda Azərbaycan millisinin qarşısında sadəcə növbəti Litva yığması deyil, əslində özünə verdiyi sualın cavabı dayanır: Biz kimik, hara gedirik?
Litva ilə səfər oyunu ilk baxışdan Azərbaycan üçün asan görünməyə bilər.
Rəqib doğma meydanda oynayacaq, tribunalar onun tərəfində olacaq. Üstəlik, litvalı futbolçularının bir qismi İtaliya, Almaniya, Macarıstan, Xorvatiya, İsrail, İsveçrə, Sloveniya kimi ölkələrin çempionatlarında çıxış edir.
Bunların hər biri faktdır. Amma futbolun yalnız adlardan və klubların loqolarından ibarət olmadığını da unutmamalıyıq.
Milli komanda klub deyil. Futbolçular həftənin 5-6 günü birlikdə məşq etmir, bir-birini hər gün görmür, eyni sistemdə aylarla çalışmırlar. Milli komandada əsas məsələ həmin futbolçuların bir neçə gün ərzində vahid komandaya çevrilə bilməsidir ki, bu da hər yığmada alınmır.
Ona görə də “onların futbolçuları filan ölkədə oynayır, bizimkilər isə Azərbaycan çempionatında” arqumentini indidən məğlubiyyətə bəraət qazandıran səbəbə çevirmək olmaz.
Əksinə, Litvanın son nəticələri Azərbaycan millisinin bu oyuna daha cəsarətli yanaşması üçün kifayət qədər əsas verir.
Rəqib 2025 və 2026-cı illərdə 9 oyun keçirib və bu qarşılaşmalarda elə bir nəticə ortaya qoymayıb ki, Azərbaycan millisi meydana qorxu içində çıxsın. Litva bu il Latviya ilə heç-heçə edib, Moldova, Estoniya və Gürcüstana uduzub. Millətlər Liqasındakı ilk oyununda isə Lixtenşteyni cəmi 1:0 hesabı ilə məğlub edib.
Bəli, Litva zəif komanda deyil.
Amma qorxulacaq komanda da deyil.
Və bunu açıq söyləmək lazımdır. Azərbaycan millisinin bugünkü oyuna “əvvəlcə uduzmayaq” düşüncəsi ilə çıxması bütün hallarda qəbuledilməzdir.
Çünki futbolçunun beyninə “heç olmasa heç-heçə edək” fikrini yerləşdirəndə sən artıq oyunun təşəbbüsünü rəqibə vermiş olursan. Meydana psixoloji baxımdan məğlub çıxırsan sonra da 90 dəqiqə boyunca qol buraxmamaq üçün mübarizə aparırsan.
Belə komanda isə gec-tez cəzalanır.
İlk dəqiqələrdən pressinq etmək mütləqdir. Topa sahib olmaq, rəqibin müdafiəsinə təzyiq göstərmək, hücumlar qurmaq vacibdir. Litvaya hiss etdirmək lazımdır ki, qarşısındakı komanda Kaunasa sadəcə müdafiə olunmağa gəlməyib.
İllərdir Azərbaycan futbolunda eyni mənzərənin şahidi olmaqdayıq - rəqibin adı çəkilir, futbolçularının oynadığı klublar sadalanır, meydanda ehtiyatlı, lap dəqiq desək, qorxaq futbol nümayiş olunur.
Biz nə vaxt özümüzə inanacağıq?
Nə vaxt rəqibin kim olduğundan daha çox özümüzün nə edə biləcəyimiz barədə danışacağıq?
Bu gün həmin gün olmalıdır. 27 Sentyabrda – Anım Günündə.
Azərbaycan millisi tarixi ərzində uğurlu nəticələrə imzasını qoymağı bacarıb. Bu gün Premyer Liqamızda kifayət qədər təcrübəli oyunçularımız, legioner həyatı yaşayan futbolçularımız var.
Razıyam, Litvaya hörmət etmək lazımdır. Amma hörmət başqa şeydir, qorxu başqa. Bu iki anlayışı bir-birinə qarışdırmaq olmaz.
Əgər Azərbaycan millisi həqiqətən yeni mərhələyə qədəm qoymaq istəyirsə, bunun ilk göstəricisi məhz belə oyunlarda ortaya çıxmalıdır. Böyük iddialardan danışmaq asandır. “Yeni komanda qururuq”, “yeni səhifə açılır”, “gələcəyə baxırıq” deməyə nə var ki?
Bütün bunların real dəyəri meydanda görünür.
Ona görə də Azərbaycan millisinin bəhanə axtarmağa ehtiyacı və yeri yoxdur. Nə örtük, nə səfər, nə tribunalardakı azarkeşlər, nə də Litva futbolçularının oynadığı klublar millimizin qələbə arzusunu kölgədə qoymamalıdır.
Bu gün Azərbaycan millisi qələbə üçün oynamalıdır.
Heç-heçə pis nəticədir demirəm. Amma meydana hansı düşüncə ilə çıxmağın sənin əlindədir.
Azərbaycan millisi bu gün meydana “təki uduzmayaq” düşüncəsi ilə çıxsa, uduzacaq. Ona görə də ağıllarda “bu oyunu necə qazanaq?” sualı yer almalıdır.
Bugünkü mümkün qələbə təkcə 3 xal demək deyil. Milli formasını layiqincə daşımaq, mübarizə aparmaq və 27 Sentyabrın mənasına uyğun xarakter göstərmək günüdür.
HƏBİB / SPORTİNFO.AZ
