Litva Azərbaycan üçün bir neçə aspektdə çətin rəqibdir.
Litva futbolunun əsas xüsusiyyətlərindən biri fiziki mübarizədən çəkinməməkdir.
Edqaras Yankauskasın Lixtenşteynlə oyundan sonrakı açıqlamasında da ikili mübarizələrin xüsusi əhəmiyyət daşıdığı görünür.
Baş məşqçi bildirib ki, yalnız texniki üstünlük kifayət etməyib və komandası daha çox ikili mübarizə qazanmalı olub.
Bu isə Azərbaycan üçün xüsusilə vacib məqamdır. Orta sahədə ikinci topların qazanılması, hava mübarizələri və top itkisindən sonrakı reaksiyalar oyunun ritmini müəyyən edə bilər.
Litvanın digər təhlükəli tərəfi topu qazandıqdan sonra hücuma sürətlə keçməsidir.
Azərbaycan komandası hücum zamanı çoxlu oyunçu ilə önə çıxdıqda top itkisi baş verərsə, Litvanın ilk reaksiyası boşluqlardan istifadə etmək ola bilər.
Bu səbəbdən yığmamızın topa sahib olduğu mərhələlərdə yalnız hücum keyfiyyəti deyil, müdafiədə böyük əhəmiyyət daşıyacaq.
Litvanın fiziki xüsusiyyətləri standart vəziyyətlərdə də əlavə üstünlük yarada bilər. Künc zərbələri, cərimə zərbələri və ikinci toplar Azərbaycan müdafiəsinin diqqət etməli olduğu əsas komponentlərdəndir.
Litva uzun müddətdir müəyyən futbolçuların ətrafında formalaşan kollektiv quruluşa malikdir. Yankauskas da komandanın heyətindəki futbolçuların inkişafı və xarici çempionatlara çıxması məsələsinə xüsusi diqqət çəkib.
Bu, komandanın taktiki tapşırıqları kollektiv şəkildə yerinə yetirməsinə kömək edən amillərdən biridir.
Önümüzdəki qarşılaşmanın maraqlı tərəfi ondadır ki, Litva da Azərbaycanı kifayət qədər ciddi rəqib hesab edir.
SPORTİNFO.AZ
