“Səbail”in müdafiəçisi Mert Çelik Sportinfo.az-a müsahibə verib.
Millimizin sabiq üzvü komandasının “Turan Tovuz”a məğlubiyyətindən sonra (0:1) ortaya çıxan sualları cavablandırıb.
- Liderlə oyuna hansı nəticə dalınca gəlmişdiniz?
- Təbii ki, qələbə üçün. İlk hissəyə istədiyimiz kimi başlaya bilmədik və qapımızdan yersiz top buraxdıq. Lakin ikinci yarıda oyuna tam nəzarəti əlimizə alıb üstünlük göstərdik. Bərabərsəviyyəli oyun oldu. Ona görə də məğlubiyyəti haqq etdiyimizi düşünmürəm.
- Sadə qol buraxdınız. Nə baş verdi o anda?
- Öz səhvimiz ucbatından oldu. Təkbətək adam tuturuqsa, içi mən qarışıq daha diqqətli olmalıyıq. Baş məşqçi tapşırıq verib, dönə-dönə tapşırırsa, daha məsuliyyətli davranmalıyıq. Bu cür sadə qollar buraxmamaq üçün diqqətlı olmaq mütləqdir.
- 5 oyundan 4 xalla ayrılmısınız. Bunu normal hesab edirsən?
- Oyunumuza, yaratdığımız vəziyyətlərə görə haqq etdiyimiz yerdə deyilik. İlk turda “Zirə” ilə oyunun ilk yarısını çıxsaq, digər matçlarda rəqiblərdən heç nədə geri qalmamışıq. Bir az şanslı olsaydıq, əlavə 1-2 xal da qazana bilərdik. Məsələn, “Sumqayıt”la görüş heç-heçə başa çatmalıydı. Son saniyədə vurdular. “Turan Tovuz”la da başa-baş oynadıq.
- Yenidən Azərbaycana qayıtmağın təəccüb doğurdu. Halbuki, karyeranı Türkiyədə davam etdirə bilərdin.
- Əlbəttə, Türkiyənin ikinci liqasında oynaya bilərdim, ya da “Başakşehir”lə danışıb başqa kluba keçərdim. Ancaq nədənsə içimdən Azərbaycana gəlmək keçdi. Bunun başında dayanan amillərdən biri Azərbaycan millisində oynamaqdır. Bu dəfə çağırılmadım, inşallah, növbəti toplanışlarda yığmadakı futbolçulardan biri olaram. Hazırda bütün diqqətim sabit oyun nümayiş etdirib, “Səbail” üçün bacardığım qədər faydalı olmaqdır.
HƏBİB