Nəyi danışır, nə üzlə danışır, görəsən?

21 Fevral 2021 15:00 Səbail 943
Nəyi danışır, nə üzlə danışır, görəsən?

Turun ilk günü autsayderlərin matçı ilə başladı.

Masazır gölünün ətrafından Bayıl yamacına qalxan "Sabah" futbolçu bolluğundan start heyətini alt-üst etmişdi.

"Səbail" isə nələri var, onlarla da oynayır.

Bu dəfə Aftandil Hacıyevi alqışlamaq lazımdır. Baş məşqçi öz sakit təbiəti ilə sanki kölgəyə çəkilir. Hərçənd bu, yerli mentalitetə heç uyğun gəlmir. Elə gəlməsə, yaxşıdır. Baxmayaraq ki, bir az hay-küy edənlər daha çox gündəmdə olurlar.

Hacıyevin məşqçilik fəlsəfəsi də əksər həmkarlarından fərqlənir. Oyunu demək olar rəqiblərə uyğun qurmur, ıkıncı dərəcəli olmaq istəmir.

Əlinin altındakı futbolçu kasadlığına fikir vermədən komandasına öz üslubunu aşılayır. Düzdür, peşəkar adıyla həvəskar klubda bunu etmək asan iş deyil. Uddu, ya uduzdu - eyni oyuna sadiq qalır.

Müdafiə olunanda da, arxada "divar" qurmur, oynaya-oynaya müdafiə olunur. Belə oyun tərzi geniş heyətə malik lider komandalara xasdır.

Aftandil Hacıyev sırf nəticəyə oynasaydı, indi "Səbail"in aktivində hava-su kimi ehtiyacı olan əlavə 2-3 xal da yığılardı. Kubokun 1/4 finalındakı kimi. İnsafən, "Səbail"i yarımfinaldan hakimlər məhrum etdilər.

Aftandili Hacıyevin kapitanla bağlı bəxti gətirib. Rahid Əmirquliyev meydanda baş məşqçinin sağ əli, komandanın döyünən ürəyidir. Məşqçisi kimi çox sakit insandır.

"Səbail" əvvəlki turdakı start heyətinə "əl gəzdirmişdi". İlk dəqiqələrdən meydanın mərkəzini ələ aldılar. Rahid-Ekşteyn-Məqsəd üçbucağı sağ cinahda dominantlıq edirdi.

Komanda geniş oynayırdı. Turan Manafov, digər futbolçular da əzmkarlıqları ilə seçilirdi. Amil Yunanov isə xüsusi qeyd edilməlidir.

Tək vurduğu qollarla yox, ötən turda da məğlubiyyətə rəğmən, meydana çıxan kimi hücumda canlanma yaratmışdı. Amil qol duyumu olan fürsətçil hücumçudur.

Doğrusu, zədə və ya digər səbəblər yox idisə, kubokun ilk görüşündə qələbə topunu vurub cavab qarşılaşmasında ehtiyatda saxlanılnası qəribə görünürdü.

O, vurduğu qollarla heyətdə olmağı haqq edir. Çoxdandır əsas heyətdən kənar qalan Məqsəd Isayev öz cinahında rəqibə qan uddururdu.

"Sabah" birinci hissədə "Səbail" qarşısında aciz görünürdü. Fasilədən sonra projektor işıqlarından sabahın açılmasını zənn edib, bir qədər ayıldılar.

Günəş ümidini də meydana gətirən Təmkin Xəlilzadə oldu. Ümumiyyətlə, "Sabah"ın ispaniyalı baş məşqçisi ixtiyarında olan milli futbolçuların durumu ilə bağlı açıqlama verməlidir.

Qarşıdan dünya çempionatının seçmə mərhələ oyunları gəlir. 85-ci dəqiqədə Ramil Şeydayevin meydana buraxılması faciədir.

Əsas heyətdə heç kimin yeri qarant deyil, bu. öz yerində. Fəqət, sonuncu yerdə qərarlaşan komandanın çalışdırıcısı mütləq hesabatını masanın üzərinə qoymalıdır. Visente Qomesin dediyi kimi, "hər həftə rəhbərliklə danışırıq".

Nəyi danışır, nə üzlə danışır, görəsən? "Səbail" komanda olaraq ikinci yarıda arxaya çəkilmədi, mərkəzdə rəqibi qarşılayır, yenə də hücuma can atırdı.

Oyunun ən yaxşılarından olan Məqsədin pressinqi, önə çıxaraq bir toxunuşla Amil Yunanovu qapıçı ilə üz-üzə qoyması ıkıncı qolla matçın müqəttəratını həll etdi.

Bundan sonra da "Səbail" arxaya oturmadı, ara-sıra 3-cü qol arayışını davam etdirdi. Aftandil Hacıyev baxımlı futbolla yanaşı, ehtiyac olduqda bir az praqmatik oyuna üstünlük versə, turnir cədvəlində yuxarılara qalxa, ən azından indiki mövqeyini qoruyub saxlaya bilər.

"Sabah"a gəlincə, bir oyun babat oynayıb, ardınca meydanda gəzişmək hər bir şəraiti olan komandaya yaraşmaz. Transfer transfer dalınca edən klub mövsümə 2-3 tur qalmış növbəti əcnəbini heyətinə qatsa, təəccüblü olmaz.

Komanda yer də tutmur ki, deyəsən, həqiqətən avrokuboklara hazırlaşır. Qomes uğursuz nəticələrdən utanmasa da, Masazırın al-əlvan gölü, yaxın qonşusunun xəcalətindən qıpqırmızı qızarıb.

İspanın taktik yanaşmasını, seçdiyi start "11-liy"ini meydanlara buraxmaqdansa, göldə duzlayıb balonlamaq daha xeyirli olar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"