"Aftandil Hacıyev məni yenidən futbola qaytardı"

20 Fevral 2021 23:00 Səbail 918
"Aftandil Hacıyev məni yenidən futbola qaytardı"

"Səbail"in hücumçusu Amil Yunanov Sportinfo.az-a müsahibə verib

- "Sabah"la oyunda vurduğun qollar komandana qələbə gətirdi. Qələbədə əhəmiyyətli rol oynamaq necə hissdir?

- Evdə oynadığımız üçün qələbə qazanmaq istəyirdik. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyildi. Şükür qələbə qazana bildik. Hər iki qolu mən vurdum. Sevinirəm ki, komandama kömək edə bildim. Qarşıdakı oyunlara hazırlaşırıq.

- Bir müddət kənarda qaldın. Bu qədər fasilədən sonra belə dönüşünə inanırdın?

- Özümə hər zaman inamım var. Düzdü, kənarda qalmaq mənə təsir edirdi. Amma şükürlər olsun ki, o günlər arxada qaldı. İndi önümüzə baxmaq lazımdır. Özümdən bundan da yaxşı statistika gözləyirəm.

- Sanki indi meydanda daha aqressiv və daha əzmkar görünürsən. Bunu bir müddət kənarda qalmağınla əlaqələndirmək olar?

- İnsan bir müddət kənarda qalanda daha çox düşünür. Hər şey haqqında fikirləşməyə vaxt olur. Bu öz yerində. Amma belə istəkli olmaq məndə uşaqlıqdan var. Çıxış etdiyim digər klublarda da bu belə olub. Çünki hər zaman meydanda qalib gəlməyə, nəynənsə yadda qalmağa və komandama kömək etməyə çalışmışam.

- Bəzən ehtiyatda qalırsan. Düşünmürsən ki, daha çox meydanda olsan, daha çox da qol vurmuş olarsan?

- Əlbəttə. Futbolçu hər nə qədər məşq etsə də oyun daha vacibdir. Nə qədər çox oynasan o qədər yaxşıdır. Daha çox oynamaqla daha çox inkişaf etmiş olursan. İstənilən futbolçu bunu istəyər. Amma bu baş məşqçinin qərarıdır. Nə məsləhət bilsə, elə də olacaq.

- Vurduğun qolu baş məşqçinlə xüsusi qeyd etməyinin bir səbəbi varmı?

- Açıq danışacam. Mən futboldan kənarda qalmışdım. Aftandil Hacıyev məni yenidən futbola qaytardı. "Qarabağ"la oyunda da vurduğum qoldan sonra Aftandil müəllimin yanına getmişdim. Sanki bir təşəkkür borcumu vermişdim. "Sabah"la oyunda ikinci qol daha vacib idi. Çünki 1-0 bir qədər riskli hesabdır. Amma ikinci qol komandamızı bir qədər rahatlaşdırmış oldu. Qoldan sonra ehtiyat skamiya tərəfə qaçdım. O an hər kəsi qucaqlaya bilərdim. Nəinki bu oyun, qarşıdakı bütün oyunlarda çalışacam ki, qollar vurum və ümidləri doğruldum.

- Stabil uğurlu çıxış etməyinizə nə mane olur?

- Bu futboldu. Bəzən alınır, bəzən yox. Amma son oyunda yaxşı çıxş etdik. Meydanda əzmkarlıq göstərdik. Məncə, futbolçunun səviyyəsindən də üstün əzmkarlıqdır. O olan yerdə nəticə də gəlir. Çalışırıq hər oyunda bu əzmkarlığı göstərək. Bizdə yetəri qədər potensiallı futbolçular var. Məncə, bu üst pillələrdə olmağa yetərlidir.

- Çempionluq mübarizəsi ilə bağlı proqnozların necədir?

- Samir Abasov "Neftçi"yə yeni gəlib. Yaxşı baş məşqçidir. Komandaya yeni inam gətirib. Artıq 3 xal fərqlə liderdilər. Hazırda "Qarabağ"la "Neftçi"nin şanslarını eyni dəyərləndirərdim. "Neftçi" "Qarabağ"dan geri qalmır.

- Növbəti rəqibiniz "Qarabağ"dır. Çempionluq yolunda ağdamlılara növbəti zərbəni "Səbail" vura bilərmi?

- Çalışacağıq özümüz üçün nəsə edək və xal ehtiyatımızı artıraq. Hər halda fikrimizdə "Neftçi" üçün nəsə etmək yoxdur. Səfərdə oyayacağımız üçün çox çətin olacaq. "Qarabağ"ın gücü hər kəsə bəllidir. Əlimizdən gələni etməyə çalışacağıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!