Bu "klub"un "fatihə"si verilib!

14 Fevral 2021 17:20 Səbail 1 736
Bu "klub"un "fatihə"si verilib!

«Səbail»i necə yığmışdılar, elə də «sökürlər».

2019-un avqustundan başlayan prosesə artıq yekun vurulmaq üzrədir, bir şey qalmyıb.

Bir də gözümüzü yumub açacağıq ki, bu adda nəsə yoxdur, ip də gedib, it də.

Qismət olsa, «Səbail» üzümüzə gələn yayda 5 yaşını qeyd edəcək. Və deyəsən, bu, son «yaşam ili» olacaq klubun.

Heç kimə lazım olmayan əşya kimi bir küncə atılan «Səbail»in «istifadə müddəti» başa çatmış görünür. nə təmir, nə də başqa bir layihə onu xilas edə bilər. Hər halda dibi görünməyən uçurumun həndəvərində vurnuxurlar.

«Səbail»i klub adlandırmaq səhvdir. «Səbail» komanda kimi yaranıb, klub ola bilməyib, başda əyləşənlər onu yarandığı yerdən bir addım irəli aparmağı bacarmayıblar.

Əcəl zəngi dünən Sumqayıtda çalındı. Bunu «son zəng» də adlandırmaq olar. Əvvəl komanda tamamilə Aftandil Hacıyevin nəzarətində idi, bu gün belə bir iddia irəli sürməyin özü şübhə doğurur.

Heyətin yarısı bir havnı çalır, yarısı da başqa havanı. Bilmirsən kimin fikri hardadır, nəyin yanındadır. Sanki son oyunlarını keçirib, buradan ayrılacaqlarını hiss edirlərmiş kimi meydanda gəzişir, «vaxt öldürürlər».

Hacıyevin gətirdiyi legionerlər komandanın gücünə güc qatmaq potensialı daşımırlar. Onlar, sadəcə, say düzəltmək üçündür. Kənardan gələnlərin özləri də bunu anlayır və artıq heç nə etmirlər. 2000-2500 dollarlıq legioner necə olmalıdır ki, guya..?

Komanda o qədər baxımsızdır ki, baxımlı futbol oynamaq da ağıllarının ucundan keçmir. Rəhbərliyin 500 manat mükafatı da onlara çox görməsinin fərqinə varan futbolçu toplusundan nə nizam tələb etmək olar, nə intizam.

Uddular, uduzdular - bir yerlərinə də deyil. İldə, ayda bir dəfə əməkhaqqı alan, həftələri sürünə-sürünə yola salan komandaya «Səbail» deyilir, artıq deyiləcək başqa söz də yoxdur.

«Səbail» «aşağıdayam» deyə dərin fikirlərə qərq olanları mizin altından salamlayır ki, narahat olmayın, biz varıq, buradayıq.

Futbolun «dib»indən xəbər verən «Səbail»in çöküşü başqalarını nə boyda üzürsə, klubun yiyələrini bir elə sevindirir. Canları bu sahədən, məsrəfdən qurtaracaq deyə.

«Səbail»in «fatihə»sini verməyə tələsir və tələsdirirlər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti