"Onlara qarşı çox yaxşı hazırlaşmışdıq
Bizi çətin oyun gözlədiyini bilirdik. "Qarabağ" çempionluğa oynayan komandadır və heyətində güclü futbolçuları var".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.
Dünən Azərbaycan Premyer Liqasında V turdan təxirə salınan oyun keçirilib. Son çempion “Qarabağ” autsayderlər zonasında qərarlaşan “Səbail”i sınağa çəkib.
Millinin matçları ilə əlaqədar təxirə salınan qarşılaşma Ağdam təmsilçisinin üstünlüyü ilə keçib. Qurban Qurbanovun komandası böyükhesablı qələbə qazanıb – 4:0.
“Qarabağ” bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib. Bayıl təmsilçisinin yarımmüdafiəçisi Suraxanıda yaxşı oyun keçirə bilməmələrini bir neçə səbəblə əlaqələndirib:
"Oyuna çox pis başladıq. Bilmirəm bu meydanla əlaqəli idi, yoxsa oyunumuz alınmadı. Neçə müddət idi təbii meydanda oynamırdıq.
Süni meydandandan sonra belə meydana çıxanda çətin olur. Bunlar hamısı ehtimallardı. "Qarabağ" nəsə etmək üçün bizə imkan vermirdi.
Erkən buraxılan qollar da öz təsirini göstərdi. Sonradan epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Belə komandalara qarşı oyunlarda maksimum 1-2 real qol imkan olur.
Onu dəyərləndirmək lazımdır. Məncə, "Qarabağ" bizi üstələyib, layiqli qələbə qazandı. Heyətlərində fərdi ustalığı yüksək olan futbolçular var.
Ona görə də biz istədiyimiz oyunu göstərə bilmədik. Qollarda öz səhvlərimiz oldu. "Qarabağ" kimi komandalar belə səhvləri bağışlamır. Daha ciddi oynamaq lazım idi.
Təəssüf ki, bunu edə bilmədik. Bizə qalan odur ki, bu görüşdən nəticə çıxarıb, qarşıdakı turlarda daha yaxşı çıxış edək".

