"Sabah"dan: "Bunları komanda olaraq həll edəcəyik"

30 Oktyabr 2020 18:20 Sabah 574
"Sabah"dan: "Bunları komanda olaraq həll edəcəyik"

Ölkə çempionatının sonuncu turunda da məğlub olan “Sabah”da işlər qaydasında getmir.

Sportinfo.az xəbər verir ki, mövsüm başlamamış iddialı transferlərlə diqqəti çəkən Masazır təmsilçisi ardıcıl dörd oyundu meydanı başıaşağı tərk edir.

İspaniyalı mütəxəssisin rəhbərliyi altında çempionluğa oynayacağı gözlənilən paytaxt təmsilçisində qeyri-adi eniş yaşanır. Halbuki ilk turda “Qarabağ”a uduzandan sonra ardıcıl iki qələbə qazanan Bakı klubunun yüksəlişi gözlənilirdi.

“Sabah”da problem nədi? Güclü heyətə malik komandanın oynunun alınmamasının səbəbi nədədi? “Visente Qomes nəyi səhv edir ki, Masazır təmsilçisi ardıcıl 4 oyundu məğlub olur?

Problemin nədən qaynaqlandığını elə “Sabah”ın üzvlərindən soruşmağa cəhd etdik. Amin Seydiyev, Ramil Şeydayev, Nikola Vuyadinoviç və Filip İvanoviç ilə əlaqə saxlamağa çalışdıq.

İlk üç futbolçu açıqlama verməkdən çəkindi, komandadakı problemdən danışmaq istəmədi. Serbiyalı müdafiəçi Filip İvanoviç isə “Sabah”dakı durumu qısa şərh etdi (Futbol+):

“Sumqayıt”la yaxşı oyun nümayiş etdirdik. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Bu səbəbdən də məğlub olduq. “Sumqayıt” hazırkı mövqeyinə uyğun oyun nümayiş etdirir.

Biz qalib gələrək yüksəliş etmək istəyirdik, amma daha pis nəticə əldə etdik. Düşünürəm ki, komandada qəliz heç nə yoxdu. Sadəcə, son nöqtəni qoymaqda problem yaşayırıq.

Bunları komanda olaraq həll edəcəyik. İndi “Qəbələ” ilə vacib oyun haqda düşünürük. Səfər oyununda qələbə qazanaq istəyirik. Əldə edəcəyimiz 3 xaldan sonra özümüzə gəlib, irəli getmək niyyətindəyik. Hər şey “Qəbələ” matçından sonra daha yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti