"Demir ki, milyonlar alsam da, burda bir iş görmədim, çıxım gedim"

16 Noyabr 2023 03:00 Azərbaycan Futbolu 1 224
"Demir ki, milyonlar alsam da, burda bir iş görmədim, çıxım gedim"

“İsveç bizdən hərtərəfli üstün komandadır. İstər reytinqinə, istərsə də futbolçularına görə.

Amma ev oyunu olduğuna görə bizdə bir az ümid var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Kamal Quliyev deyib.

O, milli komandanın Avro-2024-ün seçmə mərhələsində sabah Bakıda İsveçlə keçiriləcək oyunu ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, rəqib çox güclü olsa da, Azərbaycan millisinin də yaxşı nəticə qazanmaq şansı var:

“Toparlanıb oynamaq olar. Hər bir komandaya qarşı mübarizə aparmaq mümkündür. Sadəcə işə ürəkdən yanaşmaq lazımdır. Ən zəif komandanın da 90 dəqiqə ərzində 1-2 qol şansı olur. Bunu dəyərləndirmək lazımdır. Meydanda əzmkarlıq və ikiqat mübarizə aparmalıyıq. Biz İsveç kimi komandanı yalnız bu halda üstələyə bilərik”.

K.Quliyev hazırda Azərbaycan futbolunun səviyyəsinin ürəkaçan olmadığını deyib: “Gəlin açıq danışaq. Futbol müəxəssislərimizin danışığına baxıb utanıram. Futbolumuzu, çempionatımızı elə bəzəyirlər ki... Qardaş, bir çəkilin qırağa, özünüzə baxın. Görün bizim futbol nəyə oxşayır. Bunlar danışmaqla düzələn deyil. İllərdir deyirik, heç nə dəyişmir. Mən də istəyərəm ki, millimiz İsveçlə oyunda yaxşı nəticə qazansın. Milli komanda bizim qürurumuzdur. Mən 10 il iftixar hissi ilə millidə oynamışam. Hər bir oyuna ürəyimi qoymuşam”.

K.Quliyev qeyd edib ki, millinin italiyalı baş məşqçisi Canni De Byazi vəzifəsindən çoxdan göndərilməli idi: “Biz lazımsız yerə milyonları xərcləyirik. Guya italyan olanda nə olur? Bizim vaxtımızda da baş məşqçimiz dünya futbolunun əfsanəsi Karlos Alberto Torres idi. Hər kəs məşqçi ola bilmir.

Aparın milyonları xərcləyin De Byaziyə, yesin və sabah da desin ki, sizin futbolunuz və futbolçunuz yoxdur. De Byazini dərhal göndərmək lazımdır. Müqavilənin bitməsini gözləmək lazım deyil. Əslində onu göndərməkdə gecikmişik. Hər bir məşqçinin qarşısına məqsəd qoyulur. Onu yerinə yetirmirsə, necə işləyir? Deməli, o, özü ilə danışmır. Yatanda bu haqda fikirləşmir. Demir ki, milyonlar alsam da, burda bir iş görmədim, çıxım gedim. Onsuz da gələndə bilirdi hara gəlir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda