“Sabah” 1 il içində necə dəyişdi? - Bilinməyən həqiqətləri bizdən öyrənin...

15:00 Sabah 168
“Sabah” 1 il içində necə dəyişdi? - Bilinməyən həqiqətləri bizdən öyrənin...

Valdas Dambrauskasın “Sabah”da formalaşdırdığı mühitə kənardan yalnız nəticələr və oyun fəlsəfəsi üzərindən baxmaq düzgün olmazdı.

Litvalı mütəxəssisin komandaya gətirdiyi ən mühüm dəyərlərdən biri kollektiv daxilində yaratdığı səmimi, isti və ailə ab-havasıdır.

Bu atmosferin formalaşmasında klubun idarəçilik fəlsəfəsi də mühüm rol oynayır.

Prezident Maqsud Adıgözəlov və baş icraçı direktor Ramin Həsənovun rəhbərliyi altında “Sabah”da yalnız nəticəyə fokuslanan deyil, insanların bir-biri ilə münasibətinə də əhəmiyyət verən bir mühit yaradılıb. Dambrauskas isə bu yanaşmanı gündəlik fəaliyyətində daha da inkişaf etdirib.

Onun komandadakı futbolçularla münasibəti sırf peşəkar çərçivədə qalmır. Dambrauskas demək olar ki, bütün futbolçuları yaxından tanıyır, onların ailələri ilə maraqlanır, bir çox futbolçunun uşaqlarını belə tanıyır.

Bu, ilk baxışdan kiçik detal kimi görünə bilər, amma kollektiv daxilində yaratdığı psixoloji effekt kifayət qədər böyükdür. Futbolçu baş məşqçinin onun yalnız meydandakı performansı ilə deyil, bir insan kimi özü ilə maraqlandığını hiss edir.

Eyni yanaşmanı klubun digər əməkdaşlarına münasibətdə də görmək mümkündür.

Məşqçilər, fitness və tibbi heyət, inzibati əməkdaşlar və klubun gündəlik fəaliyyətini təmin edən digər işçilər bu kollektivin sadəcə arxa plandakı üzvləri kimi deyil, ümumi prosesin bir hissəsi kimi qəbul edilir.

Dambrauskasın insanlarla rahat ünsiyyət qurması və müxtəlif səviyyələrdə çalışan əməkdaşlarla yaxın münasibət saxlaması komandada ümumi hörmət və birlik hissini gücləndirir.

Burada vacib məqam ondan ibarətdir ki, bu yaxınlıq peşəkarlığın hesabına qurulmur. Əksinə, futbolçu məşqçiyə nə qədər güvənirsə, məşq prosesində verilən tələbləri də bir o qədər rahat qəbul edə bilir.

Yüksək səviyyəli futbolda məşqçinin futbolçudan tələb etdiyi intizam, fiziki yük və taktiki məsuliyyət kifayət qədər ağır ola bilər. Belə vəziyyətdə qarşılıqlı etimad komandanın daxilində ciddi üstünlük yaradır.

“Sabah”da komanda birliyinin formalaşdırılmasına xüsusi diqqət yetirilməsi də bunun davamıdır.

Team-building tədbirləri, kollektiv şəkildə keçirilən müxtəlif fəaliyyətlər və uğurlu oyunlardan sonra birlikdə vaxt keçirilməsi futbolçular arasında meydandan kənar münasibətləri də möhkəmləndirir.

Xüsusilə qələbələrdən sonra yaranan mənzərə diqqət çəkir. Futbolçular, məşqçilər və klub əməkdaşları nəticəni birlikdə qeyd edir, bir masa arxasında oturur, söhbət edir və həmin qələbənin emosiyasını paylaşırlar.

Belə anlarda komandanın yalnız futbolçulardan ibarət olmadığı daha aydın görünür. Qələbənin arxasında dayanan bütün insanlar özlərini həmin uğurun bir hissəsi kimi hiss edirlər.

Bu cür münasibətlər mövsümün uzun marafonunda daha böyük əhəmiyyət qazanır.

Futbolda uğur yalnız yaxşı günlərdə birlikdə olmaqla əldə edilmir. Məğlubiyyətlər, zədələr, yorğunluq, təzyiq və uğursuz nəticələr zamanı kollektivin dağılmaması daha vacibdir.

Əgər futbolçular arasında əvvəlcədən güclü münasibətlər və qarşılıqlı etimad formalaşıbsa, komanda belə çətin dövrlərdən daha asan çıxa bilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti