“Sabah”ın baş məşqçisi ÇL-də iddialıdır: “Mən həqiqətən dayanmaq istəmirəm”

09:26 Sabah 145
“Sabah”ın baş məşqçisi ÇL-də iddialıdır: “Mən həqiqətən dayanmaq istəmirəm”

“Euronews” nəşri “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə bağlı geniş məqalə dərc edib.

Sportinfo.az xəbər verir ki, nəşr eyni zamanda Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskasdan da açıqlama alıb.

ÇL-in əsas mərhələsinə yüksələn ilk Baltikyanı təmsilçisi ölkənin məşqçi nümayəndəsi olan 49 yaşlı mütəxəssis 2002-ci ildə Litva televiziyasında yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişindəki iştirakı ilə hazırkı uğurunun əlaqələndirilməsinə münasibət bildirib.

O, həmin verilişdə qazandığı pulla UEFA məşqçilik lisenziyası almaq üçün İngiltərəyə köçüb, “Fulhem”, “Brentford” və “Mançester Yunayted”in gənclər akademiyalarında çalışıb.

“Düşünürəm ki, televiziya viktorinası ilə bağlı bu hekayə bir qədər şişirdilir. Bəzən çətin olurdu. Çox çalışmalı idim və bəzən həm özüm, həm də ətrafımdakı insanlar şübhəyə düşəndə belə, özümə inanmalı olurdum.

Mən bu nailiyyəti bir mərhələ kimi qəbul edirəm və inanıram ki, əsas olan keçilən yoldur. Qarşıda başqa arzular da var. Mən həqiqətən dayanmaq istəmirəm”, – deyə Dambrauskas bildirib.

O, Çempionlar Liqası ilə yanaşı, Misli Premyer Liqasındakı mübarizəyə də böyük önəm verəcəklərini deyib:

“Hamı Çempionlar Liqasından danışır, amma orada oynamağımıza imkan yaradan Azərbaycan çempionatıdır. Diqqətimizi qorumağımız və keçirəcəyimiz hər oyuna hazırlaşmağımız çox vacibdir.

Bizdə çox yaxşı beynəlxalq mühit var. Çox vaxt start heyətində 11 fərqli milliyyətdən olan futbolçulara yer veririk. Belə bir mühitdə fəlsəfəmizin əsaslandığı başlıca prinsip hörmətdir”.

“Sabah” Liqa mərhələsində “Barselona”, “Borussiya” (Dortmund), “Napoli” və “Slaviya” ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM