Argentina mediası "Sabah"a heyrət etdi - Müasir futbol məntiqinə meydan oxuyurlar

20:20 Sabah 154
Argentina mediası "Sabah"a heyrət etdi - Müasir futbol məntiqinə meydan oxuyurlar

"Sabah" müasir futbolda ən sürətli yüksəlişlərdən birinə imza atıb: on ildən az bir müddətdə Bakı klubu ikinci diviziondakı debütündən çempionluq tituluna və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa qədər yol keçib.

Sportinfo.az xəbər verir ki, Argentinanın "DSports" idman media resursu Azərbaycan çempionunun tarixi uğuruna məqalə həsr edib.

"Mütləq yoxluqdan - bir göz qırpımında qitənin nəhəngləri ilə rəqabətə. Qafqaz klubu müasir futbol məntiqinə meydan oxuyaraq Avropanın ən nüfuzlu turnirinə epik vəsiqəni rəsmiləşdirib", - məqalədə qeyd olunub.

Media resursunun qiymətləndirməsinə görə, bu qeyri-adi yol gənc Bakı klubunu Avropa mövsümünün əsas sensasiyalarından birinə çevirib.

"DSports" qeyd edib ki, Avropanın əsas klub yarışı ənənəvi olaraq çoxillik, əksər hallarda isə bir əsrlik tarixi olan komandalarla əlaqələndirilir, lakin "Sabah"ın yaranmasından heç 10 il də keçməyib.

Bununla da klub sübut etdi ki, layihənin gənc olması Avropa futbol elitasına gedən yolda maneə deyil.

"DSports" litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərliyi altında komandanın Avropa yürüşünə xüsusi diqqət ayırır.

Turnirin əsas mərhələsinə gedən yolda Azərbaycan klubu ardıcıl olaraq Uelsin TNS və Finlandiyanın "KuPS" komandalarının müqavimətini qırıb, daha sonra isə Danimarkanın "Orhus" komandası ilə qarşıdurmada cavab görüşündə rəqibini 4:0 hesabı ilə məğlub edərək parlaq bir kembek reallaşdırıb.

Həlledici döyüş pley-off mərhələsində İsrailin Beer-Şeva şəhərinin "Hapoel" klubuna qarşı baş tutub. İlk oyunda 1:2 hesabı ilə məğlub olan "Sabah" cavab matçının bitməsinə 15 dəqiqə qalmış da geridə idi.

"Lakin Bakı təmsilçisi oyunun gedişatını dəyişə, matçı əlavə vaxta daşıya və 5:2 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə əldə edə bilib", – nəşr qeyd edib.

Məqalədə vurğulanıb ki, "Sabah" bu uğura özünəməxsus oyun üslubuna və kollektivin gücünə arxalanaraq nail olub.

Digər Xəbərlər
Xəbər Lenti