“Sabah” “Hapoel"i (Beer-Şeva) mübarizədən kənarlaşdırmaqla (1:2, 5:2) tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldi.
Qələbə sayında da rekord vurdular. Bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu oldular.
Bununla da qrup və ya liqaya yüksələnədək 5 qələbə qazanan “Qarabağ”la “Qəbələ”nin rekordu yeniləndi. 2013/14, 2023/24 və 2025/26 mövsümlərində “Qarabağ”, 2016/17 mövsümündə “Qəbələ” 5 qələbə əldə edib..
Burada Valdas Dambrauskasın qərarlarını ayrıca qeyd etmək lazımdır.
Litvalı mütəxəssis “Hapoel”lə oyunun gedişində ehtiyat skamyadan istifadə etməklə komandanın fiziki və taktiki balansını qorudu. Bu tip matçlarda əvəzetmə sadəcə yorulmuş futbolçunu dəyişmək deyil.
Söhbət oyunun ritmini dəyişmək, pressinqə qarşı yeni enerji gətirmək və əlavə vaxtda rəqibin fiziki üstünlük əldə etməsinə imkan verməməkdən gedir.
Dambrauskas bunu doğru zamanda etdi.
“Sabah” əlavə vaxta daxil olduqda artıq matçın emosional üstünlüyünü əldə etmişdi. Belə vəziyyətdə məşqçinin əsas vəzifələrindən biri həmin emosional üstünlüyü fiziki üstünlüyə çevirməkdir.
“Sabah”ın əlavə vaxtda daha iki qol vurması bu baxımdan təsadüfi görünmür. Komanda son 30 dəqiqədə rəqibin müdafiəsində yaranan boşluqları daha yaxşı istifadə etdi.
Fiziki hazırlıq baxımından da bu nəticə diqqət çəkir. 120 dəqiqə ərzində iki dəfə hesabda geri düşən komandanın əlavə vaxtda daha çox enerji və konsentrasiya göstərməsi Azərbaycan klubu üçün müsbət göstəricidir.
Xüsusilə yay boyunca ardıcıl təsnifat oyunları keçirən komandanın belə bir yükün sonunda fiziki olaraq oyundan düşməməsi vacib detal idi.
SPORTİNFO.AZ
