“Sabah” tarixində ilk dəfə qatıldığı Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyi bacardı.
3-cü təsnifatda “Orhus”un qapısına 4 cavabsız top vuran “tələbələr” pley-offda “Hapoel Beer-Şeva”nı darmadağın etdi – 5:2.
Əlbəttə, qazanılan uğurda komandanın inzibatçısından tutmuş meydanda ən az vaxt keçirən futbolçuya qədər hər kəsin payı var.
Lakin bir şəxs var ki, “Sabah”ın zəfərini birbaşa onun adıyla bağlamaq mütləqdir. Bu, taktiki planda ağıllı davranışları və əvəzetmələri ilə seçilən, lazımi anlarda hətta aparıcı futbolçuları belə ehtiyatda oturmağa məcbur edən, Velko Simiç, Timoteuş Puxaç kimi legionerlərin əl-qolunu açan baş məşqçi Valdas Dambrauskasdır.
Əvvəlki 7 oyunu kənara qoyaraq litvalı mütəxəssisin nəyə qadir olduğunu “Hapoel Beer-Şeva” ilə Bakıdakı qarşılaşmanın gedişində etdiyi əvəzetmələrə nəzər salaq.
Hesab 2:1 rəqibin xeyrinə olarkən baş məşqçi 63-cü dəqiqədə Aleksey İsayevi Kristian Nvaçukvunun, Orfe Mbinanı Kahim Parisin əvəzinə meydana buraxmaqla həm də mövqe dəyişiklikləri edir.
Cəmi 10 dəqiqə sonra Mbina topu əlverişli mövqdə olan Umarali Raxmonaliyevə ötürür, özbək yarımmüdafiəçi uzaq küncü dəqiq nişan almaqla hesabı bərabərləşdirir – 2:2.
Daçbrauskas əvəzetmələrin oyun planına mənfi təsir edəcəyindən çəkinmir, əksinə, buna əl atır.
80-ci dəqiqədə Umarali Raxmonaliyevi yanına çağırıb Sander Severinaya güvənir, 87-ci dəqiqədə iki vacib fiqur – Velko Simiçlə Akim Zedadkanı meydandan çıxarıb Abdulla Xaybulayevlə Tellur Mütəllimova güvənir.
Oyunun əlavə vaxta getməsi üçün təmsilçimizə 1 qol lazımdır. Belə məqamda “Sabah” künc zərbəsi qazanır. Oyuna sonradan qoşulan Tellur topu cərimə meydançasına havalandırır, əvəzetmədən daxil olan Mbina başla qapını nişnal alır, lakin rəqib qapıçı “Hapoel”i korner hesabına qoldan xilas edir.
90+4-cü dəqiqə, topun başına Puxaç keçir, künc zərbəsindən topu qapı qarşısına havalandırır, Tüllur “dəri kürə”ni saxlaman qüvvətli və dəqiq zərbə ilə tora sancır – 3:2.
Əlavə olunmuş 30 dəqiqə ərzində, dəqiq desək, 95 və 97-ci dəqiqələrdə qol vurmaq üçün alışıb-yanan Mbina iki dəfə qola yaxın olsa da, rəqib qolkiper fərqlənməsinə imkan vermir.
101-ci dəqiqədə Orfenin qol arzusu nəhayət ki, reallaşır. İkinci hissədə meydana daxil olan İsayevin qapı qarşısına havalandırdığı topu Mbina başla qapıdan keçirir – 4:2.
115-ci dəqiqədə İsayevin meydanın “Sabah”a aid hissəsində topu Mikelsə ötürür. Coy-Lens uzun məsafəni qət edərək əzmkarlığı və ustalığı sayəsində oyunda son nöqtəni qoyur – 5:2.
Beləliklə, hesab 2:1 olarkən Valdas Dambrauskasın meydana buraxdığı futbolçulardan Mbina həm qol vurur, həm məhsuldar ötürmə müəllifi olur, Tellur hava-su kimi vacib qola imzasını yazdırır, İsayev iki qolun assistini edir. Ümumilikdə 2 qol, 3 assist.
Təkcə bu faktı qabartmaqla litvalı çalışdırıcının “Sabah” üçün nə dərəcədə önəmli fiqur olduğunu görmək çətin deyil.
HƏBİB / SPORTİNFO.AZ
