«Sabah» bu həftə Çempionlar Liqasına damğa vurdu.
Valdas Dambrauskasın çalışdırdığı «bayquşlar» ilk dəfə iştirak etdiyi turnirdə dörd mərhələ adladı.
«Hapoel» üzərində Bakıda əldə olunan 5:2 hesablı qələbə Masazır təmsilçisinin liqa mərhələsinə yolunu açdı.
Bu nailiyyətin maliyyə tərəfi də Azərbaycan futbolu üçün ciddi əhəmiyyət daşıyır. Çempionlar Liqasının 2026/27 mövsümündə liqa mərhələsində iştirak edən hər klub 18,62 milyon avro başlanğıc ödənişi əldə edir.
Bu, təxminən 36,5 milyon manat deməkdir.
Bunun üzərinə təsnifat mərhələlərindən əldə edilən ödənişlər, liqa mərhələsində qazanılacaq nəticələr, turnirdəki yekun sıralama və digər maliyyə mexanizmlərindən gəlirlər əlavə oluna bilər.
Deməli, “Sabah” üçün söhbət artıq on milyonlarla avroluq yeni maliyyə mərhələsindən gedir.
Bu pulun düzgün idarə olunması isə ayrıca məsələdir. İnfrastruktur, akademiya, məşq bazası, heyətin gücləndirilməsi və futbolçu inkişafına yatırılan investisiyalar uzunmüddətli perspektivdə bu uğurun Azərbaycan futboluna real təsirini müəyyən edə bilər.
Ölkə futbolu üçün fayda isə bununla bitmir. “Sabah”ın uğuru UEFA reytinqinə əlavə xallar gətirir, Azərbaycan klublarının Avropadakı nüfuzunu artırır və digər komandalar üçün də daha yüksək hədəflər müəyyənləşdirir.
SPORTİNFO.AZ
