“Sabah”a bu gün möcüzə lazım deyil.
Komandaya düzgün taktiki plan, fiziki hazırlıq, emosional nəzarət və 90 dəqiqə ərzində səbir lazımdır.
Erkən qol gəlsə, oyun dəyişəcək. Gec qol gəlsə, komandanın fiziki və psixoloji davamlılığı ön plana çıxacaq.
Əlavə vaxt olarsa, artıq başqa bir oyun başlayacaq. Penaltilərə qədər gedərsə, həmin anda isə hər şey bir neçə zərbənin dəqiqliyindən asılı olacaq.
Amma bir həqiqət artıq dəyişməzdir:
“Sabah” cəmi doqquz il ərzində Azərbaycan futbolunun ən böyük klub səhnələrindən birinin qapısına gəlib çatıb. Qarşıda isə yalnız bir rəqib və bir oyun dayanır.
25 avqust gecəsi Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolunun yeni səhifəsi yazıla bilər.
Bəlkə də bu gecənin sonunda “Sabah”ın adı ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinin iştirakçıları arasında olacaq.
Və onda 25 avqust sadəcə “Sabah”ın “Hapoel Beer-Şeva” ilə oyununun tarixi kimi yox, Azərbaycan futbolunun tarixində xüsusi gün kimi yadda qalacaq.
Bu oyunun başqa bir maraqlı tərəfi də futbolçuların fərdi motivasiyasıdır. “Sabah”ın heyətində karyerasında ilk dəfə belə yüksək səviyyəli mərhələdə oynayacaq futbolçular var.
Çempionlar Liqasının pley-offu adi avrokubok matçından fərqlənir: burada təkcə komandanın nəticəsi deyil, futbolçunun fərdi səviyyəsi, psixoloji hazırlığı və böyük təzyiq altında qərarvermə qabiliyyəti də sınağa çəkilir.
Belə oyunlar gənc və ya Avropanın ən yüksək səviyyəsində özünü hələ tam göstərməmiş futbolçular üçün böyük vitrinə çevrilə bilər.
Digər tərəfdən, heyətdə artıq Avropa futbolunun atmosferini yaxşı tanıyan futbolçuların olması “Sabah” üçün əlavə üstünlükdür. Onlardan biri də Velko Şimiçdir.
Serbiyalı üçün belə oyun yalnız “Sabah”ın Çempionlar Liqasına çıxmaq mübarizəsi deyil, həm də özünü yenidən böyük səhnədə göstərmək üçün fürsətdir.
Simiç Avropanın müxtəlif klublarında çıxış edib və belə yüksək səviyyəli qarşılaşmada yaxşı performans göstərməsi onun karyerasına yeni impuls verə bilər.
Xüsusilə Serbiya millisində yenidən nəzərə alınmaq istəyən futbolçu üçün Çempionlar Liqasının liqa mərhələsinə çıxmaq və burada özünü göstərmək çox ciddi platforma ola bilər.
Təbii ki, milli komandaya çağırış yalnız bir oyundan asılı deyil və son qərarı Serbiya millisinin məşqçilər heyəti verir. Amma böyük oyunlar futbolçunun yenidən diqqət mərkəzinə düşməsi üçün ən yaxşı imkanlardan biridir.
Simiç üçün də sabahkı qarşılaşma məhz belə bir fürsətdir: həm “Sabah”la tarix yazmaq, həm də fərdi olaraq özünü bir daha göstərmək. Bəzən futbolçunun karyerasında bir neçə oyun bütün istiqaməti dəyişə bilir.
Bəlkə də “Hapoel Beer-Şeva” ilə qarşılaşma Simiç üçün məhz belə oyunlardan biri olacaq.
SPORTİNFO.AZ
