“Hapoel”in üstünlüyü məhz hesabda - 2:1-dədir.
“Hapoel Beer-Şeva”nın oyunu idarə etmək üçün daha çox imkanı var.
“Sabah” qol vurmağa məcburdur, “Hapoel” isə müəyyən mərhələlərdə oyunun tempini aşağı salaraq, zaman qazanaraq və keçidlərdən istifadə edərək öz üstünlüyünü qorumağa çalışa bilər.
Buna görə “Sabah”ın ilk qolu çox böyük əhəmiyyət daşıyacaq. Hesab 1:1 olduqda artıq psixoloji üstünlük də Azərbaycan klubunun tərəfinə keçə bilər.
Burada daha bir maraqlı məqam var. Avropa futbolunda son illərdə çox qısa müddət ərzində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn klubların nümunələri mövcuddur.
Məsələn, Kiprin “Pafos” klubu 2014-cü ildə yaradılıb və 2025-ci ildə, cəmi 11 il sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.
“Sabah” isə 2017-ci ildə yaradılıb. Yəni sabah “Hapoel Beer-Şeva”nı keçərsə, klub bunu cəmi doqquz illik tarixinin içində etmiş olacaq. Bu, Avropa miqyasında da diqqətçəkən nəticədir.
Üstəlik, Çempionlar Liqasının liqa mərhələsinə düşmək yalnız prestij məsələsi deyil.
Bu, klubun maliyyə imkanlarına, beynəlxalq tanınmasına, futbolçuların bazar dəyərinə, yeni transfer imkanlarına, akademiyanın cəlbediciliyinə və gələcək inkişaf modelinə ciddi təsir göstərə bilər.
“Sabah” dünyanın ən böyük klub turnirində “Real Madrid”, “Barselona”, “Bayern”, “Liverpul”, “Manchester City”, PSJ kimi klublarla eyni turnir mühitində yer almaq imkanını əldə edə bilər. Bu isə bir klub üçün tamamilə başqa səviyyədir.
Azərbaycan futbolu baxımından da bunun əhəmiyyəti böyükdür. Uzun illər ölkə klublarının əsas hədəfi Avropada qrup və ya liqa mərhələsinə düşmək olub.
“Qarabağ” bu baxımdan Azərbaycan futbolunun son illərdəki əsas bayraqdarıdır. İndi isə “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə çıxmaq şansı Azərbaycan futbolunun ümumi səviyyəsi və ölkə futbolunun Avropadakı mövqeyi baxımından çox ciddi hadisə ola bilər.
Amma bütün bunların baş verməsi üçün “Sabah”ın bu gün yalnız bir şeyi düşünməsi lazımdır: oyunu qazanmaq.
Tarix haqqında düşünmək, tribunaların təzyiqini hiss etmək, Çempionlar Liqasının adını düşünmək futbolçunun işini çətinləşdirə bilər.
Meydanda isə sadəcə futbol oynanılacaq. Pressinq, keçidlər, topa sahibolma, standartlar, ikili mübarizələr, sprintlər, qərarlar və ən əsası, qol.
SPORTİNFO.AZ
