Ən pis və ən yaxşı - Hər iki ssenariyə hazır olan

17:40 Sabah 81
Ən pis və ən yaxşı - Hər iki ssenariyə hazır olan

“Sabah”ın həyatında önəmli günlər çox olub.

Belə isə yox. Bu, bir ilkdir.

Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaqlar.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda İsrail təmsilçisi “Hapoel” ilə üz-üzə gələcək.

Taktiki baxımdan bu qarşılaşmanın əsas sualı “Sabah”ın nə qədər hücum edəcəyi yox, hücum edərkən öz strukturunu nə qədər yaxşı qoruyacağıdır.

İlk oyunda “Hapoel Beer-Şeva” 2:1 hesablı üstünlük əldə edib və bu, rəqibə müəyyən taktiki rahatlıq verir.

İsrail klubu oyunun müəyyən hissələrində daha aşağı və kompakt blokda dayanaraq, “Sabah”ın risk etməsini gözləyə bilər. Azərbaycan komandası isə erkən qol istəyərkən müdafiədə böyük boşluqlar buraxmamalıdır.

Bu tip oyunlarda ilk 15-20 dəqiqə xüsusi əhəmiyyət daşıyır. “Sabah”ın erkən qol axtarması tamamilə başadüşüləndir, lakin bütün komandanın eyni anda irəli atılması rəqib üçün əks-hücum imkanları yarada bilər.

Top itkisi zamanı rest-defence, müdafiə və yarımmüdafiə xətləri arasındakı məsafə, cinah müdafiəçilərinin mövqeyi və ikinci toplara reaksiya sabahkı oyunun əsas detallarından biri olacaq.

“Sabah”ın topa sahib olması da vacibdir, amma burada sadəcə topa sahib olmaq kifayət deyil. Komanda rəqibin müdafiə blokunu hərəkətə gətirməlidir.

Bir cinahda say üstünlüyü yaradıb digər tərəfdə boşluq tapmaq, üçüncü oyunçunun qaçışlarından istifadə etmək, cərimə meydançasına müxtəlif istiqamətlərdən daxil olmaq və ikinci hücum dalğasını qurmaq vacibdir.

Rəqib aşağı blokda yerləşərsə, səbir xüsusilə ön plana çıxacaq. Çünki belə oyunlarda tələsən komanda özünün yaratdığı boşluqlara düşə bilər.

Standart vəziyyətləri də ayrıca qeyd etmək lazımdır. Çempionlar Liqasının pley-off mərhələsində bir korner, cərimə zərbəsi və ya ikinci top bütün iki oyunun taleyini dəyişə bilər.

“Sabah”ın bu qarşılaşmada yalnız açıq oyundan qol axtarması kifayət deyil. Standart vəziyyətlər də hücum planının mühüm hissəsinə çevrilməlidir.

Fiziki baxımdan da qarşılaşma maraqlı olacaq. “Sabah” artıq bu yay ardıcıl yüksək intensivlikli Avropa oyunları keçirib və komandanın fiziki hazırlığı barədə müəyyən təsəvvür formalaşıb.

Lakin belə matçlarda əsas məsələ yalnız ümumi qaçış məsafəsi və ya sprintlərin sayı deyil. Əsas məsələ yüksək intensivlikli hərəkətlərin hansı anda həyata keçirilməsidir.

Xüsusilə oyunun son 20-25 dəqiqəsində təkrar sürətlənmələr, yavaşlamalar, əks-pressinq, sürətli keçidlər və cərimə meydançasına gecikmiş qaçışlar həlledici ola bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti