Buyurun, Azərbaycan futbolunda yeni bir… SEVİNƏCƏYİK?

16:40 Sabah 142
Buyurun, Azərbaycan futbolunda yeni bir… SEVİNƏCƏYİK?

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Hapoel Beer-Şeva”nı qəbul edəcək.

Rumıniyadakı ilk qarşılaşmada rəqib 2:1 hesabı ilə qalib gəlib.

Deməli, “Sabah” üçün vəziyyət kifayət qədər aydındır: bir top fərqli qələbə oyunu əlavə vaxta daşıyacaq, iki və daha çox top fərqli qələbə isə Azərbaycan klubunu Çempionlar Liqasının liqa mərhələsinə çıxaracaq.

Bu, sadəcə bir futbol oyunu deyil. 2017-ci ildə yaradılmış “Sabah” cəmi doqquz il sonra Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə çıxmaq üçün son addımın qarşısındadır.

Klubun bu qədər qısa müddətdə belə səviyyəyə yüksəlməsi özü kifayət qədər ciddi hekayədir. Əgər “Hapoel Beer-Şeva” səddini keçsə, “Sabah” Azərbaycan futbolunda yeni bir tarix yazacaq.

Ümumiyyətlə, “Sabah”ın bu nöqtəyə gəlib çatmasını yalnız bir yayda əldə olunan nəticə kimi qiymətləndirmək düzgün olmaz. Klub 2023/24 mövsümündən avrokuboklarda iştirak edir və artıq müxtəlif səviyyəli rəqiblərlə kifayət qədər təcrübə toplayıb.

RFS, “Partizan”, “Makkabi Hayfa”, “St Patrick’s Athletic”, “Petrokub”, “Levski”, “The New Saints”, “KuPS” və “Aarhus” kimi komandalarla keçirilən oyunlar “Sabah” üçün tədricən Avropa futbolunun reallıqlarını öyrənmək mərhələsi olub.

Hazırkı göstəricilərə əsasən, “Sabah” UEFA klub turnirlərində sabahkı görüşə qədər 21 oyun keçirib. Bu oyunlarda 11 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət əldə edib.

Bu statistika hələ böyük Avropa tarixçəsi demək deyil, amma klubun çox qısa müddətdə necə sürətlə təcrübə topladığını göstərir. Daha önəmlisi isə “Sabah”ın artıq Avropada yalnız iştirak edən komanda yox, mərhələ keçməyi bacaran komanda obrazını formalaşdırmasıdır.

Bu mövsüm isə proses daha da sürətlənib. “The New Saints” və “KuPS” üzərində qələbələrdən sonra “Aarhus”la qarşılaşmada səfərdə 1:2 hesablı məğlubiyyət yaşandı.

Lakin Bakıda keçirilən cavab oyununda “Sabah” 4:0 hesablı möhtəşəm qələbə qazanaraq növbəti mərhələyə yüksəldi. Həmin oyun sabahkı qarşılaşma üçün çox ciddi psixoloji göstəricidir.

Komanda ilk oyunda əlverişsiz nəticə aldıqdan sonra ikinci matçda vəziyyəti dəyişməyi bacardı. İndi isə eyni ssenarini daha böyük səhnədə təkrarlamaq lazımdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti