“Sabah”ı Çempionlar Liqasının əsas mərhələsindən bir oyun ayırır.
Ötən həftə “Hapoel Beer-Şeva”ya Rumıniyada 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu Bakıdakı qarşılaşmada qələbə qazanmalıdır.
Bəlkə də bu, azarkeşlər üçün əlçatanm görünür. “Bayquşlar”ın təsnifat mərhələsinin Masazırdakı görüşlərdə TNS, “KuPS”, “Orhus” kimi rəqibləri məğlub etməsi tərəfdarların inamını xeyli artırıb.
Lakin söhbət İsrail çempionundan gedirsə, yekun hesab düşündüyümüz və gözlədiyimiz kimi olmaya bilər.
Ona görə ki, “Hapoel Beer-Şeva” səfərdə oyunlarında belə, özünü “ev”dəki kimi hiss edir, özünə sərf edən nəticəni qazanmağı bacarır.
Yaxın keçmişə boylanıb son 4 ilin statistik göstəricilərinə nəzər salsaq, Beer-Şeva təmsilçisi avrokuboklarda 14 səfər görüşünə çıxıb.
Düzdür, İsraildəki müharibə şəraitinə görə yerli klublar rəqiblərini onsuz da vətəndən kənarda – Avropa ölkələrində qəbul edir. Lakin həmin oyunlara kifayət qədər israilli azarkeş gəlir, üstəlik, rəqib komandanın fanatlarından təzyiq hiss etmirlər.
Hə, deməli, “Hapoel” son 4 ildə 14 səfər matçına çıxmaqla cəmi 3 dəfə məğlubiyyət acısı yaşayıb. “Levski” ilə “Vikinqur”a 1:2, AEK-ə 0:1 hesabı ilə boyun əyib. Əvəzində, yad meydanda “Dinamo Minsk”i 1:0, “Luqano”nu 2:0, “Çerno More”ni 2:1, “Srvena Zvezda”nı 2:0 hesabı ilə üstələyib.
Yerdə qalan 7 qarşılaşmada isə heç-heçə qeydə alınıb. “Austriya”, “Lex”, “Levski” ilə duellərdə hesab açılmayıbsa, “Mlada Boleslav”, “Pavevejis”, “Universitatya Krayova” ilə oyunlar 1:1 hesabı ilə başa çatıb, “Vilyareal”la İspaniyadakı qarşılaşmada komandalar hərəyə 2 top vurub.
“Sabah”ın rəqibinin son 14 səfər görüşünün cəmi 3-də, həm də minimal hesabla uduzması təmsilçimizi diqqətli olmağa səsləməlidir. Xüsusən heç-heçələrin çoxluq təşkil etməsi faktı israillilərin sərfəli nəticə qazanmaq bacarığından xəbər verir. “Hapoel”in səfərdəki 14 matçın 10-da rəqib qapılarına yol tapması da “Sabah”ın müdafiəçiləri üçün ciddi siqnal sayılmalıdır.
Aprelin 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
HƏBİB
