Çempionlar Liqasında Velko Simiç fırtınası əsir.
“Sabah”ın legioneri ardıcıl 5-ci oyundur ki, burada adını tabloya yazdırır.
O, pley-off mərhələsinin “Hapoel” (Beer Şeva, İsrail) ilə səfərdəki ilk oyununda da (1:2) fərqləndi.
Serbiyalı yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin “KuPS” (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin “Orhus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.
Ümumiyyətlə, Valdas Dambrauskasın oyun planında o, mühüm yer tutur. Litvalı baş məşqçinin buradakı işlərinin yaxşı getməsində Simiçin rolunu xüsusi qeyd etmək lazımdır.
Onun “Hapoel”ə qarşı erkən qolu təsadüfi epizod deyil.
Simiç “Sabah”ın bu Çempionlar Liqası kampaniyasında ən məhsuldar hücumçularından biri olub və turnirin əvvəlki mərhələlərində də komandanın hücum effektivliyinə ciddi töhfə verib.
Onun sürəti, cinahdan mərkəzə doğru hərəkətləri, son toxunuşlardakı effektivliyi və qol epizodlarını reallaşdırmaq qabiliyyəti “Sabah”ın cavab oyunundakı əsas üstünlüklərindən biri ola bilər.
Simiçin artıq turnirin əvvəlki oyunlarında da fərqlənməsi göstərir ki, söhbət yalnız bir matçlıq yaxşı performansdan getmir.
Haradan baxsaq, “Sabah”ın Avropa kampaniyasının əsas hücum fiqurlarından birinə çevrilib.
SPORTİNFO.AZ
