“Qol vurmağa davam edəcəm, komandama uğur qazanmaqda yardımçı olacam"

13:20 Sabah 156
“Qol vurmağa davam edəcəm, komandama uğur qazanmaqda yardımçı olacam"

“Rekordlara imza atmaq həmişə xoşdur”.

Sportinfo.az xəbər verir ki, bunu "Sabah”ın legioneri Velko Simiç deyib.

31 yaşlı serbiyalı yarımmüdafiəçi Çempionlar Liqasında ardıcıl 5 matçda qol vurmaqla rekorda imza atmasına münasibət bildirib:

"Düzü, oyundan öncə bu barədə düşünməmişdim. Əsas məqsədim yüksək səviyyədə çıxış edərək komandaya müsbət nəticələr qazanmaqda kömək olmaqdır.

Azərbaycanda Çempionlar Liqasının ardıcıl 5 matçında qol vuran ilk futbolçu olduğumu bilmək xoşdur. Rekordlara imza atmaq həmişə xoşdur.

Ümid edirəm ki, qol vurmağa davam edəcəyəm və komandama uğur qazanmaqda yardımçı olacağam".

Velko Simiç Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin "Orhus" (Danimarka) ilə görüşlərində (1:2, 4:0), həmçinin pley-off mərhələsinin "Hapoel" (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.

O, bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb.

Bunadək şərikli rekord "Qarabağ"ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Olavio Juninyo 2024/2025 mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib.

Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti